“Kəpəz”ə gedən yol” filmi təqdim olunub

18:35 - 20 Fevral 2019

“Kəpəz” Peşəkar Futbol Klubunun 60 illik yubileyinə ilk töhvəni “Aran Film” Yaradıcılıq Mərkəzi verib.

 

Sportal.az xəbər verir ki, mərkəz tərəfindən tarixi hadisəyə həsr olunan “Kəpəz”ə gedən yol” sənədli filmi istehsal olunub.

 

Film artıq Gəncədə ictimaiyyətə təqdim edilib. Nümayişdən öncə yaradıcılıq mərkəzinin bədii rəhbəri, filmin ideya müəllifi olan Tahir Əliyev beyin məhsulunun necə filmə çevrilməsindən danışıb. Gəncə futbolu haqda fikirlərini bölüşərkən, “Kəpəz”in Azərbaycan futbolunun lokomotivi olduğunu vurğulayıb. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov isə filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edərək, “Kəpəz”in 60 illiyində Gəncənin “Avropanın İdman Şəhəri” titulunu daşımasının olduqca əlamətdar hadisə olduğunu deyib.

 

Filmin premyerasında Gəncənin futbol ictimaiyyətinin nümayəndələri, Peşəkar Futbol Liqasının, “Kəpəz” PFK-nın əməkdaşları və digər qonaqlar iştirak edib. Komandanın keçdiyi şərəfli yolu əks etdirən və davamiyyət müddəti 40 dəqiqə olan filmdə müxtəlif dövrlərdə “Kəpəz”in şərəfini qorumuş futbolçular ön planda yer alıblar. Bu mənada veteranlardan Müzəffər Qasımov, Nurəddin Əliyev, Vahid Abbasov, Səfər Rəhimov, Asim Xudiyev, Maşallah Əhmədov, Asif Əliyev, Mehman Allahverdiyev, Şahin Diniyev, Vəli Qasımov, Yunis Hüseynov və başqaları tarixi vərəqləməklə, unudulmaz xatirələri bölüşüblər.

 

Xatırladaq ki, bu il Azərbaycanda ikinci, Gəncədə isə peşəkar səviyyədə ilk futbol klubunun yaradılmasından 60 il ötür. 1959-cu ildə “Toxucu” adı ilə fəaliyyətə başlayan “Kəpəz”in sələfi futbolumuzun tarixində yeni dövrün başlanğıcını qoydu.

 

“Kəpəz”ə gedən yol” sənədli filminin Bakıda da nümayişi nəzərdə tutulub.

Xəbər xətti