Qərb derbisinə doğru: "Tovuzdan olsam da, "Kəpəz"ə azarkeşlik edəcəm"

15:44 - 26 Mart 2019

Martın 28-də I Divizionda qərb derbisi baş tutacaq. "Turan Tovuz" evdə "Kəpəz"i qəbul edəcək. Düzdür, hər iki klub bu gün yaxşı günlərini yaşamır. Bölgə təmsilçiləri I Divizionda baş qatmağa məhkum olublar. Buna baxmayaraq, derbiyə azarkeş marağı var.

 

Sportal.az saytına "Kəpəz"in azarkeşlərlə əlaqələndiricisi Elmar Əliyev derbidən öncə açıqlama verib:

 

"Gəncə azarkeşlərinə çağırış edərək, qərb derbisinə - "Turan Tovuz" - "Kəpəz" matçına baxmağa dəvət etmişik. Bu oyun hər zaman maraqlı keçib. Hər iki komanda çempionatlara rəng qatıblar. Bu komandaları I Divizionda deyil, Premyer Liqada görmək istəyirik. Tovuz və Gəncə Azərbaycan futboluna çox adlar bəxş edib. Mən şəxsən istəməzdim ki, bu klublar aşağı liqalarda olsunlar. Premyer Liqaya layiq komandalardır. Qərar yenə rəhbərlərə aiddir. Biz sadəcə, bunu istəyirik.

 

Mənə azarkeşlərimiz deyir ki, qərb derbisində "Turan Tovuz"a azarkeşlik edəcəksiniz? Mən bölgələrdə futbolun inkişaf etməsinin tərəfdarıyam. Hər ikisi mənim üçün sevimlidir. Əslən Tovuzdan olsam da, hər zaman "Kəpəz"in yanında olmuşam. O azarkeşlərə demək istəyirəm ki, Tovuzdan olsam da, "Kəpəz"ə dəstək olacağıq. Ürəyim "Kəpəz"lədir və bu komanda ilə yaşayır. İstəyirəm ki, 3 xal "Kəpəz"in olsun və Gəncə fanatları da sevinsin".

 

Qeyd edək ki, martın 28-i Tovuz şəhər stadionunda keçiriləcək görüşün start fiti 15:00-da səslənəcək.

Xəbər xətti