"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz" ilə oyundan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 3:1 hesabı ilə qalib gəlib mərhələ keçdikləri matçı belə şərh edib:
"Yaşar Vahabzadəni təbrik edirəm, intizamlı komanda gördüm. Açığı, I Divizionda belə klubun olması məni sevindirdi. Kubok oyunları həmişə çətin olur. Rəqibin I Divizion klubu olması futbolçuları motivasiya etməkdə çətinlik yaradır. Bu gün qırmızı vərəqə aldıq, qol buraxdıq. Amma ikinci hissədə dəyişiklik etdik. Kamaranı meydana buraxmaqla oyunumuzu tapdıq. Ölkə kuboku bir oyundan ibarət olduğundan, çətin olub. Az qala sürprizlə qarşılaşacaqdıq. Amma ikinci hissədə 2 qol vuraraq, qələbə qazandıq".
Əhmədov görüşdə qırmızı vərəqə qalan Franko Floreslə bu barədə söhbət etmədiyini söyləyib: "İsti başla futbolçularla heç nəyi müzakirə etmirəm. Bunun zamanı var. Vərəqə hər zaman olur. Sezar Meza Kollinin "Zirə" ilə oyunda qırmızı vərəqə almasına sərt reaksiya göstərmişdim. Çünki dirsəklə zərbəyə görə cəzalanmışdı. Mübarizə zamanı olan vərəqənin cəriməsini hətta klub da ödəyər. Buna görə, futbolçunu qınamaq olmaz. Ancaq azarkeşə, rəqibə haqsızlığı bağışlamıram. Flores isə ikinci sarı vərəqə ilə meydandan qovuldu. Miyuşko Boyoviç də "Sumqayıt"la matçda zədələndi, ili tamamladı. Qarşıdakı kubok matçında hər ikisi bizə kömək edə bilməyəcək. İndi müdafiənin mərkəzində kimi oynacağımız sual altındadı".
saytlarin hazirlanmasi