"Cəsarətli oynamağa çalışdıq" - "Sileks"in baş məşqçisi

22:22 - 18 Avqust 2020

Çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Sileks” (4:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Qoran Simov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 45 yaşlı serbiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Yaxşı oyun izlədik. “Qarabağ” çox yaxşı komandadı. Biz pis oynamadıq. Cəsarətli oynamağa çalışdıq, 2-3 şansımız oldu. “Qarabağ” elə komandadı ki, ona çox cüzi boşluq versən, bundan istifadə edə bilər. Məmnun olmadığım məqam hesabın bir qədər yüksək olmasıdı. Bir qədər də hakimlərdən narazı qaldım. “Qarabağ”a növbəti mərhələlərdə uğurlar arzulayıram. Bu komandanı Çempionlar Liqasının qrup mərhələsində görmək istərdim.

 

- Hakimliklə bağlı konkret narazılığınız nə idi?
- Narazılığım ikinci qolla əlaqədar idi. Ola bilər ki, top yerdə olarkən futbolçumuzun əlinə dəymişdi. Eyni zamanda qapıçımız dedi ki, ona qarşı kobudluq var idi. Amma buna tam əmin deyiləm.

 

- Dünən demişdiz ki, 40 il siçan kimi yaşamaqdansa, 1 gün şir kimi yaşamaq yaxşıdı. Bu gün o “şirləri” görə bildizmi meydanda?
- Biz cəhd etdik. 3-4 imkanımız da oldu. Ancaq “Qarabağ” çox böyük komandadı. Bəzi məqamlarda onlara bizim cərimə meydanımıza girməyə imkan vermədik. Biz kiçik komandayıq. Bunu cəsarətli və irəli atılmış addım kimi görürəm.

 

- “Qarabağ” təsəvvürünüzdəki kimi oynadı?
- Mən izlədiyim komanda ilə müqayisədə daha aşağı templə oynayan "Qarabağ" gördüm. Zubiri izləmişdim, bu gün həmin performansı göstərmədi. "Qarabağ" gözlədiyim kimi sürətli oynamadı.

Xəbər xətti