“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə üz-üzə gələcək. Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bir görüşdən ibarət olacaq mərhələnin oyununu evdə keçirəcək.
1911-ci ildə yaradılmış klub Molde şəhərini təmsil edir. “Göy-ağlar” 4 dəfə ölkə çempionu olub. Komanda 2011-ci, 2012-ci, 2014-cü və 2019-cu illərdə ölkə çempionu olub. Komandanın ev oyunlarını keçirdiyi “Aker” stadionun azarkeş tutumu 11 min 249 nəfərdir.
“Molde” Çempionlar Liqasının qrup mərhələsində oynamış iki Norveç klubundan biridir. Klub avrokuboklarda 1975/1976 mövsümündə debüt edib. Norveç çempionu avrokuboklarda ilk dəfə Azərbaycan klubu ilə qarşılaşacaq.
Klub 1999/2000 mövsümündə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşüb. “Göy-ağlar” 2012/2013 və 2015/2016 mövsümlərində Avropa Liqasının qrup mərhələsində çıxış edib. Komanda ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində Serbiyanın “Partizan” klubuna uduzaraq (1:1, 1:2) qrupa düşə bilmədi.
“Molde” bu mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsində Finlandiyanın “KuPS” (5:0), II raundda isə Sloveniyanın “Çelye” klubunu (2:1) mübarizədən kənarlaşdırıb.
Komandanı yerli məşqçi Erlinq Moe çalışdırır. 50 yaşlı mütəxəssis bu vəzifədə 2018-ci ildə “Mançester Yunayted”də gedən Ule Qunnar Sulşeri əvəz edib.
saytlarin hazirlanmasi