UEFA "Molde"nin Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi matç ətrafında yaranmış situasiya ilə əlaqədar Norveç hökumətinə müraciət edib.
Sportal.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş meneceri Asif Əsgərov məlumat verib.
O, Avropa futbol qurumunun Norveç hökümətinə "Molde"nin səbəb göstərdiyi problemin həllinə fövqəladə dəstək verməsi xahişi ilə məktubu göndərdiyini deyib. Əsgərovun sözlərinə görə, məktubda ölkə klublarına Avropa Birliyindən kənarda rahat oynamaları və karantinə alınmamaları üçün icazə verilməsi istənilib: "Bu məktub artıq 4 gündür göndərilib. Ümid edirik ki, bu gün cavab veriləcək. UEFA istəyir ki, bütün komandalara güzəşt olunsun, çünki tək "Molde" yox, ölkənin digər klubları da avrokubok matçlarına çıxır. Hələ ki, Norveç tərəfindən UEFA-ya cavab gəlməyib. Söhbət artıq ölkənin qərar verən qurumlarından gedir".
Klub rəsmisi ədalətli qərar veriləcəyi təqdirdə, "Qarabağ"ın Bakıda oynayacağını söyləyib. Lakin o, hər şeyə hazır olmalarının gərəkliyini də əlavə edib: "Qərar verilə bilər ki, gedin, neytral meydanda oynayın. Biz UEFA-ya da bildirmişik ki, qurumun bərabərhüquqlu üzvlərindən biriyik. Komanda Avropa Birliyinə üzv olan ölkələrə gedə bilirsə, ondan kənarda olanlara da getməlidir. İdman - siyasət deyil. Neytral meydanda oynasaq, futbolçulara Şengen vizası lazım olacaq. Lakin futbolçularımızın yarıdan çoxu milli komandalardadır. UEFA-ya bildirmişik ki, belə qərar verilsə, Şengen vizasının da alınması böyük problem olacaq. Biz püşkatmaya, UEFA-ya və qurumun verdiyi qərarlara hörmətlə yanaşırıq. Püşkə əsasən, matçı evdə oynamalıyıq. UEFA gördü ki, mövqeyimiz haqlıdır, ona görə qarşı tərəfə müraciət etdi".
Əsgərov Norveç tərəfinin günün ikinci yarısında qərar verəcəyini sözlərinə əlavə edib: "Ən yaxşı halda cavab axşam saatlarına yaxın veriləcək. Sənədin harada olduğu, imzaya getdiyi və s. bəlli deyil. Bildiyim qədərilə məktub Norveçin baş nazirinə gedib" (Report).
Sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Molde" matçı saat 20:00-a təyin olunub. Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş edib.
saytlarin hazirlanmasi