Azərbaycan çempionu “Neftçi” transfer bazarında passiv görünür.
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, bir neçə oyunçusu ilə yollarını ayıran paytaxt təmsilçisi hələlik heç kimi heyətinə qatmayıb.
Buna baxmayaraq, bakılılar transfer danışıqlarını davam etdirir. Baş məşqçi Samir Abasov, xüsusən də, hücum xəttinin gücləndirilməsini istəyir.
Əcnəbi axtarışında olan flaqman həmçinin yerli statusuna malik oyunçularla da maraqlanır.
Əldə etdiyimiz məlumata görə, “Neftçi”nin transfer siyahısında adı olan hücumçulardan biri də Azərbaycan millisinin debütantı Rüstəm Əhmədzadədir.
Klubu “Minay” Ukrayna Premyer Liqasını tərk etdiyindən, 21 yaşlı forvard komandasını dəyişmək niyyətindədir.
“Neftçi” də bundan yararlanaraq hazırda yığmamızın düşərgəsində olan ön xətt oyunçusu ilə anlaşmağa çalışır.
Ancaq milliləşdirilmiş gənc forvard Ukrayna Premyer Liqasından gələcək təklifləri də nəzərdən keçirmək fikrindədir. Bu səbəbdən yığmamızın üzvü qərar verməyə tələsmir.
Rüstəm Əhmədzadə “Minay”a ötən ilin yayında “Kolos”dan keçib.
saytlarin hazirlanmasi