Samir Abasov: "Bizi ən çox narahat edən amil meydançadı"

17:26 - 1 Oktyabr 2021

"Neftçi"nin baş məşqçisi Samir Abasov klub televiziyasına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Premyer Liqanın 6-cı turu çərçivəsində "Səbail"lə keçirəcəkləri oyunun hazırlıqları haqda danışıb. Abasov süni örtüklü meydançanın komandasına problem yaradacağını deyib:

 

"Problemli oyunçularımız yoxdu. Hazırlıq hər zamankı kimi öz qaydasında gedir. Heyətlə bağlı tam qərarı oyun günü verəcəyik. Bəzi dəyişikliklərə əl ata bilərik. Bizi ən çox narahat edən amil meydançadır. O qədər də yaxşı olmayan süni örtük futbolçulara problem yaşada bilər. Həmin meydanda oynayan bütün komandalar bunu təsdiq edər. Heyətdəki bəzi futbolçularda mikrozadələr var ki, bu da normaldır. Həkilərin rəyindən sonra nə qədər oynaya biləcəklərinə qərar veririk.

 

Harramiz Soareş bu gün bizimlə bir yerdədi, komanda ilə məşq edir. Oynamağa hazırdı. Ondan başqa, digər yeni transferlərimiz “Neftçi”nin heyətində meydana çıxıb. Amma Korreanın məsələsini oturub müzakirə etməliyik. Bəzi futbolçuların fiziki durumunu oyunlarla düzəltmək istəyirik. Lakin onun süni örtükdə oynaması təhlükəlidir. Oyunun gedişinə görə qərar qəbul edəcəyik".

 

Baş məşqçi baxışda olan seneqallı futbolçular – dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi Dyedyu Usman barədə da fikirlərini bildirib:

 

"Onlar gündən-günə xoş təəssürat yaradırlar. Görünən odur ki, qablarında var, perspektivli oyunçulardır. Futbol dilində desək, həddən artıq yaxşı "material"dırlar. Həmin futbolçuları milli komandaların oyunları ilə əlaqədar fasilə müddətində sınamaq fikrimiz var. Hələ bizimlədirlər, tələsmirlər. Gələcəkdə bizə xeyir verə bilərlərmi? Bizi bu maraqlandırır".

Xəbər xətti