"Neftçi"nin baş məşqçisi Samir Abasov "Qəbələ" ilə keçirilən yoxlama oyunundan (1:1) sonra klub televiziyasına açıqlama verib.
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis həm oyun haqda danışıb, həm də digər sualları cavablandırıb:
"Bu oyunu keçirməkdə məqsədimiz bəzi oyunçuların fiziki durumunu daha da yaxşılaşdırmaq idi. Həmçinin oyun praktikası olmayan futbolçuları oynatmaq istəyirdik. Bu gün nə rəqib önəmli idi, nə də taktiki gedişlər var idi. Bunun üzərində ümumiyyətlə işləməmişdik. Oyunda yaxşı və neqativ gedən işlər bizi o qədər də narahat etmirdi. Bu oyunun olmasını sırf fiziki baxımdan istəyirdik. Oyunçuların qaçması, komanda şəklində hərəkətli olması vacib idi. Oyunçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Həddən artıq qaçdılar, bəzi epizodlarda yoruldular. Bu, xoş hal idi. Oyunu kənara qoysaq, məqsədimizə nail olduq.
Ən böyük istəyimiz Xorxe Korreanın bu oyunda iştirak etməsi idi. Komandaya adaptasiya olması, oyunun təzyiqini hiss etməsi üçün bu, lazım idi. Təəssüf ki, ilk hissədə zədələndi. Durumunun nə qədər ciddi olduğunu həkimlərdən aldığımız məlumatdan sonra biləcəyik. Yusuf Lavalın zədəsi o qədər də qorxulu deyil. Məqsədimiz o idi ki, Laval ritmini, tonusunu saxlasın, ona görə də oyuna buraxdıq. Toqquşmadan sonra belə hallar baş verir. İnanırıq ki, zədəsi ciddi deyil.
Bunlar bizdə baxışda olan gənc oyunçulardı. Onlar bu gün meydanda xarüqələr yaradası deyillər. Biz özümüz də bunu gözləmirik. Belə oyunlarla bu futbolçuların bizə nələr verə biləcəyinə baxırıq. Hələ ki, qəti bir fikir demək mənim özümə çətindir.
Məşqçilər olaraq komandanın oyununu bu günlə ölçmürük. Durumumuza gəldikdə isə, pis deyil. Fiziki durumu qorumaq üçün bu yoxlama oyununu keçirdik. Nə dərəcədə yaxşı olacağımız millidən qayıdan oyunçulardan asılıdı. Həddən artıq yorğun ola bilərlər. Əfsuslar olsun ki, milli komandamız ikinci oyunu Serbiya ilə səfərdə oynayır. Emin Mahmudov, Mamadu Kane necə qayıdacaq bilmirik. Bu suallara onlar qayıdandan sonra dəqiq cavab tapa biləcəyik. U-21 millisinə gedənlər də komandanın əsas heyət oyunçularıdı. Onlar qayıdandan sonra ümumi ab-havanı deyə bilərik".
saytlarin hazirlanmasi