“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Sportal.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Ömər Buludovun zədələnməsindən sonra İsmayıl Zülfüqarlını məcburiyyətdən meydana buraxdıq. Daha sonra hücumu gücləndirib oyunu udmaq üçün Mirabdulla Abbasovu döyüşə atdıq. Sevindirici haldır ki, öz yetirmələrimiz bizə 3 xal qazandırdı. Oyundakı sürət bizi razı saldı.
Komandam qol vuranda həddindən artıq emosional oluram. Sona yaxın bunu etməyimiz məni daha da sevindirdi. Matçın gedişində müəyyən epizodlar olur. Bəzən emosionallıq aqressiyaya çevrilir.
Emin Mahmudov bir az formadan düşüb. Onu itirməməyə çalışırıq. Bizim üçün önəmli oyunçudur. Onun oyunu alınanda bizim də işimiz yaxşı gedir”.
Abasov Azərbaycan millisinin baş məşqçi postuna namizəd göstərilməsinə də toxunub: “Açığı, buna rast gəlməmişəm. İndi nəsə demək düzgün olmaz. Çünki yığmanın baş məşqçisi var. Təklif gələrsə, nəsə deyə bilərəm”.
“Neftçi”nin çalışdırıcısı müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan Mamadu Kanenin qış fasiləsində komandanı tərk edə biləcəyini istisna etməyib: “Bunun qısa zamanda həllini tapmasını mən də istəyirəm. Çünki məsələ uzanır. Ona nə qədər bel bağlayacağımızı bilmək istəyirəm. Qışda da gedə bilər. Limit məsələsi bizə mane olur. Rotasiyaların səbəbi də budur. “Olimpiakos”la sıx təmasdayıq. Onlar da konkret söz deyə bilmirlər. Tezliklə bütün suallara aydınlıq gələcək”.
Baş məqşçi bir müddət öncə zədələnən Xorxe Korreanın fərdi məşqlərə başladığını söyləyib: “Təəssüf ki, “Qəbələ” ilə yoxlama oyununda zədələndi. Amma ümumi vəziyyəti pis deyil. Fərdi məşqlərə başlayıb”.
saytlarin hazirlanmasi