Samir Abasov: "Keyfiyyət baxımından həddən artıq səviyyə fərqinin olduğu göründü"

20:58 - 30 Oktyabr 2021

Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Neftçi” (4:0) matçından sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Belə məğlubiyyətdən sonra hiss və hirsi cilovlamaq çətindi. Çalışaram, sakit izah edim. Oyuna pis başlamadıq. Hətta qol vurmaq imkanımız da oldu. Oyundan əvvəl gətirilən arqumentlər var idi ki, keyfiyyətdə rəqibə uduzuruq. Bunu boynumuza almalıyıq. Boşluqlarımız çox oldu. Rəqib də bunlardan yararlandı. Keyfiyyət baxımından həddən artıq səviyyə fərqinin olduğu göründü. Bəzi məqamlar var ki, onları düzəldə bilmərik. Bunu boynumuza alırıq. Hər şey görünən səviyyədədi. Əminik ki, oyunumuzda disbalans var. Bunun nədən qaynaqlandığını hamı bilir. Bunu dəyişə bilməyəcəyik. Bu, o demək deyil ki, bütün oyunları uduzacağıq. Ard-arda buraxdığımız qollar bəzi futbolçuları “sındırdı”. Belə hallar baş verməməlidi. Bəzi epizodlarda yaxşı oynayırdıq, amma keyfiyyət öz sözünü dedi. İki komanda arasında oyunçu səviyyəsi baxımından böyük bir fərq var. Bunu hiss edirik. Bütün hücumlarımız sol cinahdan olur. Ötən oyun meza Kollini sağa atdıq ki, bütün yük eyni cinaha düşməsin. Bizim üçün çox çətindi. Emini çıxmaq şərti ilə yerli oyunçularımız belə oyunlar üçün kifayət səviyyədə deyil. Yaralı yerimiz yerli futbolçulardı.

- Ötən mövsüm 3 matçda “Qarabağ”a qalib gəlmişdiz. Bu mövsüm nə dəyişib?

- Biz zəifləməmişik. Göz qabağındadı ki, “Qarabağ” güclənib. Bunda “Neftçi”nin də rolu var. Bu gün hər iki komandanın azarkeşləri oyuna yaraşan səviyyədə ab-hava yaratmışdılar. Yaxşı olardı ki, etikadan kənara çıxmazdılar. Keçən il Anton, Namiq kimi yerli oyunçularımız var idi. Bu gün Mirabdullanı əvəzləmək üçün nələr etməli olduq... Yerli oyunçularımız belə oyunların tələblərinə cavab vermir.

- Yerli oyunçu problemi aşkar görünür. Namiq və Krivotsyuk kimi keyfiyyətli futbolçular niyə getdi?

- Antonun müqavilə müddəti bitirdi. O deyirdi ki, bu çempionatda uçurumdayam, inkişaf etmək istəyirəm. Onun qarşısını necə kəsə bilərdik? Namiq də günlərin birində dedi ki, yaxşı təklifim var, bu çempionatda heç nə qazana bilmirəm. Bu gün mən desəm ki, gedirəm, kim qabağımı kəsə bilər ki? Biz “Qarabağ” kimi legionerləri milliləşdirə bilmirik. Meydana çıxmamış bu komponentlərdə uduzuruq. Meydanda ruhumuzu qoymalıyıq. Bu da var idi. Ancaq hər iki tərəfdə istək olanda keyfiyyət rol oynayır.

- “Neftçi”yə gəlişinizdən komandada görünən əsas məqam motivasiya yüksəkliyidi. Bu gün motivasiyanın çatışmadığını düşünmürsüz?

- Motivasiya olduğu görünürdü. İki ötürməyə qol buraxırıqsa, burda başqa məqamlar rol oynayır. Mən günahlandırıla bilərəm ki, motivasiya verməmişdim, komandam “ölmüşdü”. Ancaq bununla razılaşa bilmərəm. Əhvali-ruhiyyəmiz yaxşı idi, bundan sonra daha yaxşı olacaq. Bəzi məqamlar var ki, onları düzəldəcək gücdə deyiləm.

- Son çempionun müdafiəsi niyə belə bərbaddı?

- Uşaqların adının üstündə oynamaq bizim üçün xoş deyil. Ancaq bu gün Ömər səhv etdi, ilk oyunda İsmayılda eyni şey olmuşdu. Eyni ilə hücumda da problem var. Yusufun cinahını görürsüz, ancaq sağda bunu edə bilmirik. Limit əl-qolumuzu bağlayır.

- Qışda yeni futbolçu tapmaq çətindi. Yerli kontingenti gücləndirmək üçün yayı gözləyəcəksiz, yoxsa qışda buna çarə qılmağa çalışacaqsız?

- Bu, "Neftçi" komandasıdı, çempionluğa namizəddi. Əksəriyyət "Qarabağ"ı favorit sayır, biz isə bunun üçün vuruşuruq. İnanmıram ki, hansısa azərbaycanlı futbolçunu götürsək, bizdə balansı düzəltsin. Biz də bəlkə "Qarabağ"ın Ozobiçi milliləşdirdiyi kimi kimlərisə milliləşdirə bilərik.

Xəbər xətti