44 günlük Vətən müharibəsində şəhid olan “Neftçi” azarkeşlərinin adının əbədiləşdirilməsi məqsədilə “Bakcell Arena”da Xatirə Lövhəsinin açılış mərasimi keçirilib.
Sportal.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanov, klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, şəhid valideynləri, klub və komanda üzvləri iştirak ediblər.
Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib. Ardınca klub prezidenti Kamran Quliyev “Neftçi” ailəsinin üzvü olan şəhidlərlə bağlı xatirələrini bölüşüb və onların azarkeşliklərindən söz açıb.
Şəhid valideynləri isə qəhrəman övladlarının futbola, xüsusən, “Neftçi”yə sevgisindən danışıblar.
Bundan sonra şəhid valideynlərinin iştirakı ilə “Xatirə Lövhəsi”nin açılışı olub.
Qeyd edək ki, Xatirə Lövhəsində “Neftçi” azarkeşi olan 4 şəhid – mayor Rüfət Əsgərov, baş leytenant Teymur Məcidzadə, əsgər Afiq Qulamlı və Asim Quliyevin adları əksini tapıb.
saytlarin hazirlanmasi