Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Ramid Hacıyevin oğlu Əli Hacıyev “Neftçi” klubunun qonağı olub.
Sportal.az xəbər verir ki, “Neftçi” azarkeşi olan Əli komandanın “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən məşqini izləyib.
Sonra komanda üzvləri ilə söhbətləşən şəhid övladı meydançaya çıxaraq futbolçularla top qovub. Əliyə sevimli futbolçusu Emin Mahmudov öz formasını hədiyyə edib. Ona üzərində komanda üzvlərinin imzası olan top, həmçinin forma və şərf də hədiyyə olunub. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Ramid Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
saytlarin hazirlanmasi