Samir Abasov: "Oyun çox xoşuma gəldi"

18:42 - 15 Dekabr 2021

"Neftçi" Azərbaycan Premyer Liqasının 14-cü turunun oyununda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasov fikirlərini bölüşüb:

 

- Çətin səfər oyununa gəlmişdik. Biri yüksəlişdə, digərinin isə bir az problemləri olan iki komanda arasında keçirilən oyun idi. Bu gün qələbə qazanmaq bizim üçün çox önəmli idi. 3 xal qazanıb qış fasiləsinə yaxşı əhval-ruhiyyə ilə getmək istəyirdik. Nəticəni kənara qoysaq, oyun çox xoşuma gəldi. Futbolçularımı soyunub-geyinmə otağında təbrik elədim. Qalib gələ bilmədiyimizə görə oyunçular çox üzülüblər. Futbolçularda həddən artıq istək, motivasiya var idi. Yolumuza davam edəcəyik.

 

- Emin Mahmudov penaltini hər zaman eyni qaydada yerinə yetirir. Bununla bağlı ona hər hansı məsləhətiniz var?

- Penalti çox maraqlı hadisədir. Məşqlərdə də penaltiləri çalışanda qapıçılar Eminin zərbəsini dəf edirdilər. Onunla bu mövzu ilə bağlı zarafatlaşırdıq. Deyirdim ki, artıq hamı bilir, bunu dəyiş. Doğurdan da son zamanlar penalti vurmaq üslübunu dəyişmişdi. Bu oyunda nə oldusa, yenə əvvəlki qaydada yerinə yetirdi. Amma penaltiyə görə Eminə nəsə deməyəcəyik. 

 

- Artıq çempionatda iki dövrə geridə qaldı. Bu zaman ərzində komandanın çıxışını necə dəyərləndirirsiz?

- Qış fasiləsinə kimi olan çıxışımızdan razı deyilik. Həm bəticələrdən, həm də stabil olmayan oyunumuzdan narazıyıq. Bizim kimi komandada bunu normal qəbul edirəm. Yeni oyunçularımız çoxdu, gedən futbolçularımız da var idi. Ötən mövsüm Sabir Buqrin Namik Ələskərovla çox yaxşı anlaşırdı. Bu gün Tiaqo Bezzeranı Ələskərovla eyni tərəziyə qoymaq mümkün deyil. Bu, futbolçu üçün təhqir deyil, sırf mənim baxışımdır. Braziliyalı hücumçu çox yaxşıdır. Amma adaptasiya tam olmadığından çətinliklər üzə çıxır. Vəziyyəti anlayıram. Çətin durumdan çıxmağa çalışırıq.

 

- Tiaqo Bezzeranı əvəzləməyiniz qol epizodlarını dəyərləndirə bilməməsi ilə bağlı idi?

- Bu oyun bizim üçün həddən çox vacib idi. Futbolçular da dərk edirdilər. Tiaqo Bezzera və Voyislav Stankoviç kimi futbolçular bu matça hazırlaşmaqda çox önəmli rol oynadılar. Bezzeranı dəyişməyimiz epizodları dəyərləndirə bilməməsi ilə bağlı deyildi. Bəlkə Namik Ələskərov Bezzeranın qaçırdığı  fürsətlərin hər üçünü qola çevirərdi. Amma Bezzera meydanda çox yaxşı işlər görür. Təəssüf ki, yaşı çoxdur. Onun üzüntüsünü görmək mənim özüm üçün də xoş deyil.

 

- Kamran İbrahimovun oyununu necə dəyərləndirirsiz? Ona əsas qapıçı kimi güvənmək olar?

- Bütüb epizodlarda Kamranın təcrübəsiz olmağı sezilirdi. Bizim məşqlərdə gördüyümüz Kamran deyildi. Əsas qapıçı olmaq üçün onun özündən çox şey asılıdır. Bizim əlimizdən ona şans vermək, arxasında durmaq gəlir. Bu şanslardan istifadə edə bilsə, əsas qapıçı olacaq. Elə oyunçu var ki, məşqdə "kral"dır, oyunda isə təşvişə düşür. Belə amillər oyunçunun özü üçün də mənfi rol oynayacaq. Bu gün ciddi təzyiqlə üzləşməsə də, təcrübəsizliyi və həyəcanı nəzərə çarpırdı.

 

- Yanvarda heyətdə böyük dəyişikliklər gözlənilir?

- Ola bilər ki, gözləmədiyimiz hallar da baş verə bilər. Mamadu Kane ilə bağlı "Olimpiakos"dan xəbər gözləyirik. YTransfer baxımından üzərində durduğumuz oyunçular yerlilərdir. Bu, bir az mümkünsüz görünür. Rəhbərliklə bərabər hər yola əl atmağa çalışırıq. Hər şey danışıqlardan asılıdır.

Xəbər xətti