Rəşad Sadıqov: "Ermənilərə uduzsaydıq, acı xatirə sonadək bizimlə qalacaqdı"

16:51 - 30 Dekabr 2021

"Pünik"ə qarşı oyunumuz haqqında saatlarla, hətta günlərlə danışa bilərəm".

 

Sportal.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi TV"də yayımlanan "Unudulmaz xatirələr" verilişində qonaq olarkən deyib.

 

2005-ci ildə "ağ-qaralar"ın heyətində Rusiyanın paytaxtı Moskvada Ermənistan "Pünik"ini 2:0 hesabı ilə məğlub etdikləri MDB və Baltikyanı ölkələrin Birlik Kuboku"nun 1/4 final oyununu xatırlayan veteran futbolçu görüşdən öncə komandada gərginliyin yüksək olduğunu bildirib: "Həmin hisslər yadımdadır. Ümumiyyətlə, qarşılaşmanın keçirilməsi sual altında idi. Çünki təşkilatçılar da narahat idilər. Amma sonda qərara gəldilər ki, bu oyun baş tutmalıdır. Turniri yarımçıq dayandırmaq olmazdı".

 

Sadıqov oyundan öncəki gecəni yata bilmədiklərini söyləyib: "7-8 futbolçu bir otağa yığışıb danışırdıq. Digər idman növlərində hər hansı Ermənistan vətəndaşına uduzursan, bu, normaldır. Çünki onlar tez-tez qarşılaşırlar və sənin revanş şansın olur. Bizdə isə o fürsət yox idi. Gərginlik yaradan da məhz bu idi. Məğlub olsaydıq, bu acı xatirə həyatımızın sonunadək bizimlə qalacaqdı. Qurban Qurbanov zədəli olduğundan kapitan mən idim. Möhtəşəm heyətimiz var idi. Amma oyunun mahiyyəti bununla ölçülmürdü. Matçın 20 Yanvar faciəsi ərəfəsinə təsadüf etməsi məsuliyyətimizi daha da artırırdı".

 

Keçmiş müdafiəçinin sözlərinə görə, ilk hissədə oyunları, demək olar, alınmayıb: "Bu da görüşə nə dərəcədə həssas yanaşmağımızdan irəli gəlirdi. Əminəm, məğlubiyyət onlar üçün önəm daşımırdı. Bilirəm ki, bizə uduzandan 3-5 gün sonra normal həyatlarına davam edəcəkdilər. Biz isə uduzmağı qəbul etməyən millətik. Matçın fasiləsində ciddi söhbətlərimiz oldu və ikinci hissədə toparlanaraq gedişatı dəyişdik. İlk qoldan sonra komandamız təmiz açılışdı. Sanki üstümüzdən stres götürüldü və çox rahat oynamağa başladıq. Artıq həm oyunumuzdan, həm də nəticədən həzz alırdıq. Sevindirici haldır ki, qələbə qazandıq. Həmin matçdan sonra bir daha onlarla qarşılaşmadıq". (Report)

Xəbər xətti