"Neftçi"nin baş məşqçisi Samir Abasov klubun bazasında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az 43 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
- Qış fasiləsinə gedəndə futbolçulara proqram vermişdik. Qayıtdıqları formaları bizdə xoş təəssürat yaratdı. Elə bil ki, tətilə çıxmamışdılar. Görünən odur ki, futbolçular proqramla işləyiblər. Bəzi axsamalar da var. Bu, oyunçuların səhhətləri ilə bağlı olan problemdir. Yusuf Laval Bakıdan gedəndən sonra ölkəsində 5 gün xəstə oldu. Qalan futbolçular hamısı yaxşı qayıdıblar. Əfsuslar olsun ki, komanda tam tərkibdə deyil. Xorxe Korrea, Tiaqo Bezerra və Sezar Meza Kolli koronavirus səbəbindən ölkələrindən qayıda bilmirlər. Meza Kolli və Bezerrada koronavirus aşkarlanıb. Korrea isə ailsəinə görə karantində olduğundan hələ ki, bizə qoşula bilməyib.
- Mamadu Kane və Sabiq Buqrin "Neftçi"də qalacaq?
- Son məlumatlara görə, Kane hələ ki, bizdədir. "Olimpiakos"la hələ də danışıqlar aparırıq. Onlardan xahişimiz odur ki, Kane mövsümün sonuna kimi bizimlə qalsın. Bu yöndə işlərimiz pis deyil. Sabir Buqrinin durumu isə 1-2 günə 100 faiz bəlli olacaq. Futbolçu bu gün Tunis klubu ilə danışıqlar aparır, həmin komandanın düşərgəsindədir. Çox güman ki, danışıqlar bitəcək. Ondan sonra Sabirin getdiyini tam dəqiqliklə deyə biləcəyik. Görünən odur ki, o, bizimlə olmayacaq.
- Hansısa futbolçunun icarəyə göndərilməsi planda var?
- Mirabdulla Abbasov haqqında mətbuatda özüm də oxuyuram. Amma hələ heç nə deyə bilmərəm. Çünki, bu, haqda ümumiyyətlə fikirləşməmişik. Klubumuza təklif gəlsə, biz də onu dəyərləndirsək, bəlkə də ola bilər. Amma bu gün gündəmdə deyil. Harramiz Suaresi isə hansısa komandaya icarəyə vermək istəyirik. Futbolçu ilə danışıqlar prosesindəyik. Yollarımızı ayıra da bilərik. Klub olaraq istəyirik ki, bunu sivil şəkildə həll edək. Oyunçunun özündən də çox şey asılıdır.
- Sabir Buqrini mövsümün sonuna kimi saxlamaq mümkün deyildi?
- Sabirin getməyini heç kim istəmirdi. Onun gedişi bizim üçün xoş hal deyil. Amma biz onunla çox danışdıq, fikri buranı tərk eləmək idi. Bilmirəm maddiyyat nə qədər önəmli rol oynadı. İstəyi gedib başqa yerdə oynamaq idi. Heç cür yola gətirə bilmədik. Klub olaraq fikirləşdik ki, oyunçu getmək istəyirsə, biz niyə qazanmayaq? Çıxış yolu olaraq bunu seçdik.
- Eddi İsrafilovun transferi ilə bağlı fikriniz necədir?
- Millidə baş verənləri bilmirəm. Siyasi məsələləri futbolçunun özündən soruşun. Həmin ərəfədə nələr baş veribsə, özü ətraflı danışar. Düşünürəm ki, ən əsası Eddi İsrafilov yerli oyunçudur. Biz buna görə əziyyət çəkirdik, dəfələrlə gileylənmişik. Bu fürsət ələ düşdükdə onu trasfer etməli idik. Azərbaycanda olan "Neftçi"yə layiq olan futbolçuların hamısı ilə danışmışıq. Bu gün transfer etmək mümkünsüzdür. Ya klubları buraxmır, ya da elə maddi tələb qoyurlar, fikirləşirsən ki, ondansa iki Sabir Buqrin transfer edərəm.
- Azər Salahlının transferindən sonra Yusuf Lavalı fərqli mövqedəoynatmaq fikriniz var?
- Azər yerli oyunçudur. Əlimizdə belə futbolçuların olmağı xoşdur. Təəssüf ki, o, keçirdiyi əməliyyata görə ilk gündən bizimlə məşq edə bilmir. Ayın 15-dən sonra komandaya qoşulmağı gözlənilir. Hər mövqedə oyunçularımızın olmağı bizimdə qol-qanadımızı açır. Həm heyətdə rotasiyalar edə bilirik, həm fərqli sistemlərdən istifadə edirik.
- Trasfer işlərinə nöqtə qoyulub?
- Xeyr. Transfer çalışmalarımız davam edir.
- Hansı mövqeyə trasfer etməyi düşünürsüz?
- Sabir Buqrinin gedişi demək olar ki, dəqiqləşib. Mamadu Kanenin vəziyyəti qeyri-müəyyəndir. Ən çox üzüldüyüm Romen Baskın getməyidir. Onu heç cür saxlaya bilmədik. O mövqedə bizdə boşluq yaranıb. Kane də getsə, onun möveyinə oyunçu axtaracağıq.
- Çempionluq mübarizəsi haqda nə deyə bilərsiz?
- "Qarabağ" elə komandadır ki, xal fərqi nə qədər olsa da, təzyiqini hiss edirsən. Hazırda xal fərqi elədir ki, bizim üçün həddən çox çətin olacaq, bunu gizlətməyək. Amma bir baş məşqçi kimi əminliklə deyə bilərəm ki, hələ ki, heç nədən qorxmamışıq.
- Futbolçuların "Neftçi"dən getməyinin səbəbi nədir?
- Bu, tək "Neftçi" ilə əlaqədar olan məsələ deyil. Bunu ümumi təhlil etməliyik.
saytlarin hazirlanmasi