“Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib:
- “Keşlə”nin ölkədəki hazırlığı necə keçir? Komanda daha çox nələr üzərində işləyə bildi?
- Yanvarın 6-dan toplanışdayıq, məşqlərimiz gedir. Fiziki durumumuzu düzəltməyə çalışırıq. Zədəlilərimiz var. Ancaq hazırlıqlarımız davam edir.
- Anatole Abanq, Con Kamara, Omar Qudiabi, Nicat Qurbanov, Azər Salahlı komandadan ayrıldı. Onların gedişi “Keşlə”yə necə təsir edəcək?
- Bəli, komandadan gedənlər oldu. Ayrılanlar komandanı arxasınca aparanlar idi. Yeni komandalarında onlara uğurlar arzulayıram. Yeni oyunçular gəlməlidir ki, gedənlərin yerini doldursunlar. Uyğunlaşmaları üçün zaman lazımdı.
- Səncə, Salahlı “Neftçi” özünü göstərə biləcək? Ümumiyyətlə, onunla əlaqə saxalayırsan?
- Azərlə hər gün danışıram. Azərbaycanda gördüyüm ən peşəkar oyunçudu. Dostumdu, qardaşımdı deyə demirəm, həqiqətən çox peşəkardı, özünün həkimidi. Nəyi yemək olar, nəyi olmaz, kitabına kimi oxuyan adamdı. İnanıram ki, o, əsas heyət üzvü olacaq. Görəcəksiz, “Neftçi”də daha da artıracaq. Allah qoysa, “Neftçi” də onun üçün yaxşı tramplin olar, sonradan Avropaya gedər. Ona da uğurlar arzu edirəm.
- “Keşlə”yə hələ ki, Fəhmin Muradbəyli və Franko Flores gəlib. Qışdan sonra deyəsən, daha zəif “Keşlə” görəcəyik?
- Doğrudu, gedənlər çoxdu. Fəhmin və Franko gəlib. Ümidvaram ki, köməkləri dəyər. Düzdü, hücumçumuz yoxdu. Rəhbərlik də, məşqçilər də bunun üzərində çalışır. Ümidvaram ki, tez bir zamanda gələrlər. Nə qədər tez gəlsə, o qədər yaxşıdı. Çünki uyğunlaşma məsələsi var. Kubokda da, çempionatda da gücümüz çatdığı qədər irəliləyəcəyik.
- "Keşlə"nin ölkə daxilində hazırlaşması, ölkə xaricinə yollanmaması komandaya mənfi təsir edəcək?
- Ölkə xaricinə getmək yaxşı olardı. Orada fərlqi ölkələrin təmsilçiləri ilə oyunlar oynamaq olur. Ölkə daxilində “Səbail”lə oynayırıq. Olmadı, rəhbərlik belə qərar verdi. Futbolçular canla-başla çalışır. Allah qoysa, çempionatdakı çıxışımıza mənfi təsir etməz. Çətin olmasına çətindi, amma peşəkar oyunçularıq.
- Mövsümün son oyunlarını Şamaxıda da keçirə biləcəyiniz ehtimal edilir. Bu barədə fikrin necədi?
- Sözün düzü, dəqiq deməyiblər, nə vaxtdan Şamaxıda oynayacaqsız. Biz peşəkarıq. Nə vaxt desələr, harada desələr oynayacağıq. Gələn mövsümdən oyunlar Şamaxıda olacaq. Yayda hamının müqaviləsi bitir. Zaman göstərəcək. 3 il “Kəpəz”də oynamışam, Bakıda hazırlaşırdıq, 1 gün qabaq Gəncəyə gedib-gəlirdik. Yəni, mənim üçün uzaq məsafə məsələsi yoxdu. "Kəpəz"də oynayanda da formanın haqqını verməyə çalışırdıq. Oyunlar Bakıda ya Şamaxıda olsun fərqi yoxdu, oynayacağıq. Yaya kimi hamının müqaviləsi var. Hamının təklifi var. Yayda daha çox olur. Bu haqda heç nə fikirləşmirik. Mövsüm sonuna kimi yaxşı nəticə qazanaq, avrokuboklara gedək.