"Oser", "Monako", "Volfsburq" Ceyhun Nuriyevi və Təbriz İsazadəni istəyirdi, valideynləri razı olmadılar"

00:22 - 4 Fevral 2022

Medianın İnkişafı Agentliyinin layihəsi

 

V YAZI

 

Hazırda “Turan Tovuz” klubunun baş məşqçisi olan Rövşən Babayev Azərbaycanda uşaq futboluna yaxından bələd olan mütəxəssislərdəndir. Bu günə qədər AZAL, “Keşlə”, “Simurq”, “Sumqayıt”, “Vətən”, “Sabah” klublarında çalışan mütəxəssis ölkə futbolunda xeyli sayda gəncin üzə çıxmasında rol oynayıb. Qısaca desək, ölkəmizdə uşaq futbolunu “əlinin içi” kimi bilən adamdır.

 

“Sabah”a Ceyhun Nuriyev, Abdullah Xaybullayev, Arsen Ağcabəyov, Abdulla Rzayev və digər istedadlı futbolçuları cəlb etməklə səmərəli işlə yadda qalıb. “Turan Tovuz”a gəlişi ötən ilin yayında, çempionatın başlanmasına az bir vaxt qalmış gerçəkləşib. İlk vaxtlarda müəyyən çətinliklərlə üzləşsə də, indi işi göz qabağındadır. Hazırda “Turan Tovuz”un heyətinin böyük hissəsi tovuzlu uşaqlardan qurulub:

 

"Mən Tovuza gələndə komandada ötən mövsüm bürünc mükafat qazanan heyətdən cəmi 6 nəfər qalmışdı. Digər tərəfdən I Divizionda limit aradan qaldırıldığı üçün başqa klublar tez tərpənib öz heyətlərini təcrübəli futbolçularla gücləndirmişdilər. Ona görə də, rəhbərliklə görüşüb planları müzakirə etdik və belə strategiya hazırladıq ki, daha çox yerli gənclərə güvənək. Azarkeşlərlə də görüşdük, işimizin nədən ibarət olacağını izah etdik. Onu da deməliyəm ki, akademiyanın koordinatoru Adil Şükürovun işlədiyi qısa müddətdə Tovuz futbolunda canlanma yaranıb.

 

AFFA sağ olsun ki, burada belə akademiya yaradıb. Meydançalarımız, otaqlarımız, formamız, qidalanmamız, uşaqların inkişaf etməsi üçün hər cür şəraitimiz var. Məhz Tovuzda akademiyanın yaranması nəticəsində valideynlərin futbola yenidən inamı yaranıb. Akademiya olmadığına görə, 14 yaşdan sonra uşaqlar “itirdilər”. Valideynlər deyirdi ki, uşaqlar dərs oxusunlar, başqa peşənin dalınca getsinlər. Amma artıq elə deyil, Tovuzda futbola kütləvi maraq artıb. İnsanları stadiona qaytarmağa çalışırıq. Bu gün start heyətdə 8-9 tovuzlu futbolçu oynayır. Ümumi 22 futbolçunun 13-14-ü tovuzludur. Bu da 6 ay ərzində böyük bir nəticədir.

 

Bu gün adlar çəkə bilərəm ki,  gələcək üçün parlaq simalar yetişir. 2005-ci il təvəllüdlü futbolçulardan Sadiq Şəfiyev həm bizim əsas komandada, həm də millidə ən çox oyun keçirənlərdən biridir. 2006-cı il təvəllüdlü Dünyamin Bağırov perspektivli futbolçudur. Qış fasiləsində bütün yoxlama matçlarında oynatdıq. Böyük sıçrayışı, inkişafı var. O da milli komandaya çağırılıb. İsmayıl İsmayılov, İsmayıl Əmrahov, Rəşad Əliyev, Sənan Aslanovu qeyd edə bilərəm. Adını çəkdiklərim hamısı tovuzlu uşaqlardı. Elmin Bayramov, Ramil Süleymanov, Elçin Qasımov isə konkret olaraq Tovuz məktəbinin yetirmələridir. 2006-cı il təvəllüdlü Hüseyn var, mərkəz müdafiəçisidir, inkişaf edir. Gələcəkdə U-19 və əvəzedici komanda bu uşaqların üzərində qurulacaq. Premyer Liqaya çıxa bilsək, limit oyunçusu kimi onlardan bəhrələnəcəyik.

 

Çempionata bir az zəif başladıq, sonra nəticələrimizi və oyunumuzu düzəltməyə çalışdıq. Futbolçuların, rəhbərliyin, azarkeşlərin zəhmətidir ki, bizə inandılar. Vaxta ehtiyacımız oldu. Onlara sübut edə bildik ki, baxımlı da oynaya bilirik. Komandada tovuzluların sayı artıb. Baxın, neçə tovuzlu futbolçunun adını çəkdim. Bu gün bu uşaqların inkişafı göz qabağındadır".

 

Bu illər ərzində müxtəlif klublarda çalışan Rövşən Babayev inkişafa aparan yolları göstərdi. Bunun üçün yetəri qədər təcrübəyə malik olan Rövşən bu günə qədər gördükləri və qarşıda görülməli olan işlərdən danışdı:

 

“AZAL, "Keşlə" klublarında uşaqlarla işləmişəm. "Simurq"da akademiya rəhbəri və əvəzedici heyətin baş məşqçisi olmuşam. İnkişaf ilk növbədə infrastrukturda, idarəçilikdə, məşqçilərdə olmalıdır. Bu, böyük bir işdir. Strategiya qurulmalıdır ki, 3-5 ildən sonra nə istəyirsən? 1000 uşaqdan hamısı futbolçu olası deyil. Amma ən azından 1-2 nəfər çıxacaq ki, gələcəkdə milliyə xeyir verəcəklər. Bir az keçmişə qayıtmaq istəyirəm. O vaxtkı adı ilə desək, "İnter" klubu uzun müddət İtaliyanın "Milan" klubu ilə əməkdaşlıq etdi. Onların mütəxəssisləri gəlib bir həftə ərzində bütün yaş qruplarına məşq keçir, məşqçilərə seminar təşkil edirdilər. Həmin dövrdə Azər Salahlı, Elşən Abdullayev, Coşqun Diniyev, Mirabdulla, Mirsahib Abbasov qardaşları yetişdilər. "Bakı", "Qəbələ" klubu türkləri dəvət etmişdi. Baxın ki, həmin dövrdə necə sıçrayış oldu, uşaqlar yetişdi. Yenə də infrastruktura, bazaya gəlib çıxırıq. Bazası olmayan klubda çətinlik olur.

 

"Simurq"da işlədiyim dövrdə iki futbolçunu qeyd edərdim. "Səbail"də oynayan Ədilxan Qarəhmədov və "Qəbələ"dən Emil Səfərovu deyərdim. Hələ 2013-cü ildə onları əvəzedici heyətin məşqinə çağırırdım. Həmin vaxt 12-13 yaşları var idi. "Sabah"da çıxış edən Ceyhun Nuriyev 6 yaşında "İnter"də mənim yanımda olub. Təbriz İsazadə bu gün "Sabah"da əsas heyətə namizədlərdən biridir. 5-6 yaşında o da yanımda olub. Söhbət ondan gedir ki, infrastruktur olan yerdə bu uşaqlar inkişaf etdilər. Bu uşaqları Almaniyaya yarışa aparmışam. Bir həftə ərzində turnir, seminar oldu ki, biz də orada iştirak etdik. Həmin bu uşaqlar hələ o vaxt seçilirdilər. 2011-ci ildə bizdən 4 futbolçumuzu istədilər. "Oser", "Monako", "Volfsburq" Ceyhunu,Təbrizi istəyirdi, amma valideyinlər razı olmadılar. "İnter"də baş məşqçi Valentin Xodukinlə danışmışdıq ki,  bacardığımız qədər ölkədən kənara çıxmalıyıq, turnirlərdə iştirak etməliyik. Uşaqların məşqdən əlavə dünya görüşləri inkişaf etməlidir. Bu gün yalnız "Vətən" klubudur ki, ölkədən kənarda təlim-məşq toplanışı keçir. Oranın akademiyasında da koordinator olmuşam. Orada çalışdığım zaman qərar vermişdik ki, inkişaf yolumuz bölgələrdən uşaqların cəlb olunması və qidalanması, bir yerdə qalması və mütəmadi olaraq təhsillərinin nəzarətdə saxlanılmasından ibarət olacaq.

 

Həmin vaxt Tbilisi "Dinamo"su ilə görüşdük, onlarla fikir mübadiləsi apardıq və bu sistemi "Vətən"də qurduq. Həmin dövrdə yetişmiş xeyli futbolçu hazırda Premyer Liqada oynayır. İnkişafın yolu baza, infrastrukturun qurulması və rəhbərliklə təmasın olmasıdır. Bu təması qura bilsək, o zaman inkişaf ola bilər. Təmas olmasa, inkişaf mümkün deyil”.

 

Mirbağırağa Cəfərli

 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

 

Xəbər xətti