"Kəpəz"in aparıcı və təcrübəli futbolçularından Tural Rzayev Sportal.az saytına müsahibə verib. Əvvəlki illərdə də Gəncə təmsilçisinin heyətində Premyer Liqada da oynamış yarımmüdafiəçi yeni mövsüm üçün komandanın yüksək liqadakı iddialarından danışıb.
- Yəqin ki, "Kəpəz"in Premyer Liqaya buraxılması Gəncədə böyük sevinclə qarşılandı. Hazırda atmosfer və ümumi durum necədi?
- Əlbəttə, hamımız buna sevindik. Təbii ki, bu, tək Gəncə deyil, bütün futbol ictimaiyyəti tərəfindən müsbət qarşılandı. Gəncə və Tovuz kimi futbol şəhərlərinin Premyer Liqaya qayıtması sevindirici xəbərdi. Ümumi atmosfer də yaxşıdı. Hər halda Gəncə futbolsevərləri həmişəki kimi dəstəkləri və say çoxluğu ilə Premyer Liqaya rəng qatacaq.
- Yeni mövsüm komandanın hansı heyətlə və harada oynayacağı ilə bağlı sizə məlumat verilib?
- Xeyr, bizə o haqda heç nə deyilməyib. Çünki çempionat davam edir. Son turda "Zaqatala"nı səfərdə məğlub etdik. Hələ qarşıda bir oyunumuz qalıb. Heyətlə bağlı da bir söz deməyiblər. Yəqin ki, çempionat sona çatandan sonra bizə və ictimaiyyətə məlumat veriləcək.
- Komandanda yer alanlar arasında əvvəllər də Premyer Liqada oynamış təcrübəlilər futbolçulardansan. Necə düşünürsən, yeni mövsüm üçün Premyer Liqada hazırki heyətdən kimlərsə qalacaq?
- Bu komanda doğma şəhərimi təmsil edir, mən buradakı yerlilərdənəm. "Kəpəz"in stadionunda böyümüşəm, hər daşğını, torpağını bilirəm. Çünki uşaqlığım bu stadionda keçib. Premyer Liqadakı ilk oyunumu da "Kəpəz"də keçirmişəm. Oynadığım hər mövsümdə də komandaya kömək etməyə çalışmışam. Siz deyən məsələyə gəlincə, hələ ki, komandada kimlərin qalacağı, kimlərin gedəcəyi barədə bizə bir söz deyilməyib.
- Necə düşünürsən, hazırki heyət Premyer Liqada nə edə bilər? Güclənməyə ehtiyacınız var?
- Təbii ki, komandada qalmağa layiq olanlar var. Amma dəyişiklik mütləqdi. Açığı, bütün heyətlə Premyer Liqada mübarizə aparacaq gücdə deyilik. Bu, reallıqdı. Ona görə deyirəm ki, dəyişiklik lazımdı, ustalıq səviyyəsi yüksək olan futbolçular cəlb edilməlidi komandaya. Şəxsi fikrim belədi. Amma məşqçi və rəhbərliyin fikrini bilmirəm. Kimin qalacağı, kimin gedəcəyi barədə bizə bir söz deyilməyib. Çempionat bitəndən sonra hər halda deyəcəklər, kimlərlə yola davam ediləcək, kimlərlə yollar ayrılacaq. Digər komandalarla rəqabət aparmaq üçün ustalıq səviyyəsi yüksək olan futbolçular cəlb etmək lazımdı. Doğrudu, komandada əvvəllər Premyer Liqa görmüş, elə Premyer Liqa səviyyəsində olan oyunçular da var. Yəni ki, yüksək liqa üçün komandada saxlanıla biləcək oyunçular da var. Yüksək keyfiyyətli oyunçular transfer edərək, Premyer Liqada mübarizə aparmaq mümkündü. Bu sualı rəhbərlik və məşqçilər korpusu cavablandırsa, daha yaxşıdı. Çünki qərarı verən onlardı.
- Komanda mövsümü 4-cü pillədə də bitirə bilər, amma hazırda 7-ci pillədəsiz. Hər halda Premyer Liqaya çempion kimi vəsiqə qazanmaq daha yaxşı olardı?
- Əlbəttə, biz də bunu istəyərdik. Elə mövsümə başlayanda da məqsədimiz birinci divizionda çempion olmaq idi. Mövsümə pis başlamamışdıq. İlk dövrəni məğlubiyyətsiz, ikinci pillədə başa vurduq. Fasilədən sonra isə gözləmədiyimiz və istəmədiyimiz xal itkiləri oldu. Doğrudu, mövsümü hədəfimizdən uzaqda bitiririk. Çünki çempion kimi Premyer Liqaya vəsiqə qazanmağı çox istəyirdik. Çempion olmasaq belə, ən azından ilk "üçlük"də mövsümü bitirmək yaxşı olardı. İndi bir oyunumuz qalıb, o da evdə. Çalışacağıq ki, qalib gəlib mövsümü yaxşı notlarla başa vuraq.
saytlarin hazirlanmasi