"Qarabağ"a qarşı qorxaq futbol yox, ehtiyatlı futbol oynayacağıq"

14:41 - 1 Sentyabr 2022

"Əlimizi-qolumuzu yanımıza salmayacağıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"i müvəqqəti baş məşqçi kimi Azərbaycan Premyer Liqasının 5-ci turunda "Qarabağ"la matça çıxaracaq Xaliq Mərdanov qarşıdakı görüşlə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib. O bildirib:

 

"Rəqib həddindən artıq güclü komandadır. Digər klublardan fərqli futbol oynayırlar, Avropa futbolu nümayiş etdirən komandadır. Biz də çalışacağıq ki, əlimizdən gələni edək, rəqibə qarşı oyun nümayiş etdirə bilək. Qorxaq futbol yox, ehtiyatlı futbol oynayacağıq. Bəzi futbolçular təəssüf ki, bunları qarışdırırlar. İtkilərimiz də var. Həm zədəli, həm də cəzalı futbolçularımız bizə kömək edə bilməyəcəklər. Oyuna hazırlığımız yaxşı keçib. İlk günlər uşaqların əhval-ruhiyyəsi aşağı səviyyədə idi. Məğlubiyyətlərdən dolayı üzərlərində təzyiq vardı. Onlara motivasiya verməyə çalışdıq. İndi durumları daha yaxşıdır".

 

Xatırladaq ki, "Kəpəz"də baş məşqçi Yaşar Vahabzadə və məşqçilər korpusu istefaya göndərildiyindən komandanı hazırlığa da əvəzedicilərin baş məşqçisi Xaliq Mərdanov çıxarıb.

 

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” görüşü bu gün saat 19:00-da başlayacaq.

Xəbər xətti