Vaxtı ilə Azərbaycanın U-17 və U-19 yığmalarında, "Neftçi", "Sumqayıt"da da oynamış Ricat Qarayev hazırda Polşada çıxış edir. 23 yaşlı müdafiəçi son olaraq Gürcüstanda “Borjomi”də çıxış etdikdən sonra Polşanın "Şeçinek” klubu ilə anlaşıb. Sportal.az saytına müsahibə verən Qarayev hazırkı durumundan danışıb.
- Polşadakı işlərin necə gedir? Milli komandaların oyunlarına görə çempionata fasilə verilmişdi sizin də liqaya?
- Şükür Allaha, hər şey qaydasındadı. Xeyr, bizim liqada fasilə yox idi. Milli komandaların oyunlarına baxmayaraq, çempionat davam edirdi.
- Ümumiyyətlə, sizin oynadığınız liqada milli komandaların üzləri var, yoxsa aşağı liqa olduğundan milli səviyyədə oynayan yoxdu?
- Düzünü deyim, bu halla qarşılaşmamışam. Polşada milli komandanın əksər üzvləri Avropanın top klublarında oynayı. Düşünmürəm ki, onlar 1-2-ci liqadan oyunçular dəvət etsin.
- Polşa aşağı liqasında oynamağın karyera baxımından sənə hansı üstünlük qazandırır? Özün üçün təkan hesab edirsən?
- Əlbəttə ki, Polşa çempionatı karyeram üçün təkan ola bilər. Çünki hər oyunumuzu klubların skautları izləyir. Ona görə də burada oynayaraq daha üst liqalara qalxmaq üçün yaxşı şans var.
- Ümumiyyətlə, Polşa üçüncü liqasını Azərbaycanın hansı liqası ilə müqayisə edərdin?
- Bizim liqanın da səviyyəsi normaldı. Hansısa böyük fərq olduğunu deməzdim. Amma müqayisə etsək, təbii ki, bizim Premyer Liqa daha üstündü.
- Klubun sənin üçün hansı şəraiti yaradıb?
- Klubum futbolçuya lazım olan hər cür şəraiti yaradıb. Ev tutublar, yeməyimi verirlər, meydançalar var, maaşımı köçürürlər. Yəni, fikrim yalnız məşqlərdə, oyunlardadı.
- Gələcəkdə özünü hansı klubda, hansı liqada görürsən? Polşada səviyyəcə daha üst çempionatlarda oynamaq imkanın yaranacaq?
- Mən də buna ümid edirəm. Allah qoysa, yaxın zamanda daha da yuxarı liqalara qalxacam. Yaxşı məşq edirəm, oyunlarda özümü ən yaxşı tərəfdən göstərməyə çalışıram.
- Milli komandamızın müdafiəçisi Anton Krivotysuk hazırda Polşa yüksək liqasının "Visla"(Plotsk) klubunda oynayır. Ancaq bu mövsüm çox da oynamır. Onun haqda hansı fikirdəsən?
- Anton Krivotsyuk yaxın dostumdu. Onunla birlikdə oynamışıq. Anton yaxşı futbolçudu. Lakin klubundakı durumu ilə bağlı bir söz deyə bilmərəm. Klubunda da ona uğurlar arzu edirəm.
- Səhv etmirəmsə, onunla yığmada birlikdə oynamısınız. Hazırda da eyni ölkədə legioner həyatı yaşayırsınız. Heç danışırsınız, Polşada görüşmüsüz?
- Bəli, Antonla yımada və “Neftçi”də birlikdə oynamışıq. Polşaya gələndən onunla danışmamışıq. Çünki vaxt olmayıb. Məşq və oyunlara görə belədir. Özü də fərqli şəhərlərdə yaşayırıq. Amma mütləq görüşəcəyik.
- Səndən savayı, daha iki qardaşın – Qara və Amin də futbolçudu. Onlar barədə hansı fikirdəsən? Amin Gürcüstan yığmasında oynasa da, sonradan Azərbaycan millisində çıxış etmək qərarını qəbul etdi…
- Qara karyerasına Gürcüstanda davam edir. Yaxın vaxtlarda Avropaya yollanacaq.Aminə gəlincə, o, hər zaman Azərbaycan millisində oynamaq istəyib.
Mirbağırağa