"Kəpəz" Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində doğma meydanda "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:
- İki fərqli hissə izlədik. İkinci hissədə komanda hesabı qorumağa oynadı. Amma tapşırıq tamamilə başqa idi. Birinci oyunun ağır keçəcəyini bilirdim. Dörd əsas oyunçumuzun olmaması bizim üçün problem idi. Bu heyətlə Antalyada "MTK Budapeşt"ə qarşı oynamışdıq. Onda da böyük səhvlər var idi. Həmin səhvlərin ucbatından 2:0 öndə olduğumuz halda qələbəni əldən verdik. Buna baxmayaraq oyunun nəticəsi ədalətlidir. Hər iki komanda bir xal qazanıb, iki xal itirib. Qalib gəlib turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmağı çox istəyirdik. Cəzalı futbolçular qayıdandan sonra heyətdə rəqabət olacaq. Düşünürəm ki, bundan sonra işlərimiz qaydasına düşəcək.
- Qışdan sonra hədəfiniz nədir?
- Qarşıma 6-7-ci yerlər uğrunda mübarizə aparmağı məqsəd qoymuşam. Buna həm şansımız, həm potensialımız var. Birinci dövrədə daha çox xal qazana bilərdik. Yeni komandayıq. Çox şey tələb etmək olmur. Heyətin çoxu gənc futbolçulardır. Son dəqiqələrdə buraxdığımız qollara görə komandada həyəcan var. Bu problemlər yaşanmasaydı, bəlkə də indi fərqli mövqedə idik. Bu gün də həyəcan hiss olunurdu. Yeni gələn futbolçular var. "Kəpəz" azarkeşləri hər zaman nəticə tələb edir. Oyunçuların adaptasiyası da yavaş gedir. 6-7-ci yeri tutmaq üçün əlimizdən gələni edəcəyik.
- Salif Sisse hələ hazır deyil?
- Öndə top saxlamaq üçün onu oyuna buraxdım. Bilirəm ki, hələ hazır deyil. Çalışırıq ki, komandaya uyğunlaşsın. Hazır olması üçün hələ bir az vaxt lazımdır.
- Yeni qapıçı özünü necə göstərdi?
- Mario Mustapiç Antalyada da özünü çox yaxşı göstərmişdi. Bu gün də bir neçə qurtarışı oldu. İlk oyunu idi. Orxan Sadıqlı ağır xəstəlik keçirmişdi. Onu Antalyaya apara bilmədik. Hələ ki, öz optimal formasından aşağıdadır. Rəqabət yaradıram. Kim daha yaxşıdırsa, onu meydana buraxıram. Yaxşı qapıçılarımız var. MOİK-dən Elgünü də transfer etdik. "Kəpəz"in yetirməsidir, gəncəlidir.
- Yeni transfer gözlənilir?
- İki mövqe var ki, ora futbolçu istəyirəm. Bir oyunqurucu, bir də mərkəz müdafiəçisi. Amma büdcəmiz buna imkan vermir. Düşünürəm ki, transfer məsələsi bağlanıb.
Elçin Əlixan
saytlarin hazirlanmasi