Samir Abasov: "Emin Mahmudova böyük qardaş kimi bir-iki məsləhət verdim"

22:21 - 8 Aprel 2023

Misli Premyer Liqasının 29-cu turunun "Sumqayıt" - "Neftçi" görüşündən sonra ev sahiblərinin baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, Abasov komandasının 0:4 hesablı məğlubiyyətini şərh edib:

"Azarkeşlərə təşəkkür edirəm, gözəl atmosfer yaratmışdılar. Bizə dəstək oldular. Oyun haqda nə deyim? Qol vuracağımızı gözlədiyimiz anda, qapımızda qollar görürük. "Neftçi"nin vurduğu ikinci qol nəyi edə bilmədiyimizin bariz nümunəsi idi. Rəqibin futbolçusunun verdiyi ötürmə, ora çatıb qol vurmaqları...Biz bunları edə bilmirik. Topa nəzarət edirdik, epizodlarımız yaranırdı. Amma "Neftçi"nin cərimə meydançasının içində topu rəqibə vurub, geriyə qayıdırıq...Bilmirəm vallah. Bəzi epizodlarda bəxt də yanımızda deyildi. Danışmaq çətindir. İlk yarı yaxşı oynadıq. Standart vəziyyətlərdən qorxurduq. Bu il hər standart vəziyyətdən qol buraxmışıq. "Neftçi" hesabı açsa da, özümüzü itirmədik, sona qədər oynadıq. İkinci yarı daha yaxşı oynadıq, ancaq son nöqtələri qoya bilmirik. Elə epizodlar var ki, futbolçuya nəsə deməli deyilsən. Futbolçu özü həmin qərarı verməlidir. "Neftçi"nin futbolçuları bunu bizim oyunçulara göstərdi. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. "Şamaxı" ilə ağır səfər oyunumuz var.

- Sizə elə gəlmir ki, "Neftçi"yə qarşı hücum futbolu oynamaq risk idi?

- Hücum futbolu deyəndə ki, istəməsən də, rəqib elə oynayır ki, sən başqa cür oynamağa başlayırsan. "Neftçi"yə qarşı hücum futbolu oynamamaq olmur. Çünki onlar qədər rəqibə epizod verən ikinci komanda yoxdur. "Qarabağ", "Sabah" futbolçuları həmin epizodlardan istifadə edir. Biz girdiyimiz epizodlarda "Neftçi"nin oyunçuları olsaydı, hesab necə idi?

- Matçdan sonra Emin Mahmudovla nə haqda danışırdız?

- Matçdan sonra "Neftçi"nin bütün futbolçuları ilə danışdıq, sadəcə Eminlə söhbətimiz uzun çəkdi. Çünki onu çox istəyirəm. Onun haqda yazılan xəbərləri mən də oxuyuram. Eminlə bu haqda danışdıq. Böyük qardaş kimi Eminə bir-iki məsləhət verdim. Burada deyə bilmərəm.

Mirbağırağa
 

Xəbər xətti