"Qol vurduqdan sonra 2-3 epizodumuz daha var idi. İkinci hissəyə çox pis başladıq. Qapımızda qol gördük. Demək olar ki, rəqibin qapısı önündə təhlükəli ola bilmirdik. Hazırda çətin vəziyyətdəyik. Dərinliyə getməliyik və futbolçuların probleminin nədə olduğunu öyrənməliyik. Üçüncü yerdəyik və kubokun finalında oynayacağıq. Bu oyun daha asan olmalı idi. Çünki üzərimizdə təzyiq yoxdur, rahat oynamalıyıq. Bu cür oyunlardan istifadə edərək, özümüzə inam yaratmalıyıq ki, finalda rahat olaq. Epizodlar yaradıb, oyundan həzz almalıyıq. Bunu görmədim. Yalnız ilk hissədə bəzi epizodlarda belə idi. Görürəm ki, oyunçular ancaq nəticəni fikirləşirlər. Onlar nəticəni yox, daha çox futbol oynamağı fikirləşməlidirlər. Çünki o bizim səviyyəmiz deyil. Bu qədər top itkisi, bu qədər epizodlardan yararlanmamaq...Biz daha yaxşı oynamalıyıq. Hazırda problemləri özümüz-özümüzə yaratmışıq. Amma bu vəziyyətdən çıxacağıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 34-cü turunun "Şamaxı" (1:1) ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Rumıniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Final öncəsi qalib gələ bilmirsiz. Bu, sizi narahat etmir?
- Əlbəttə ki, narahat edir. Birinci hissə fərqli, ikinci yarı başqa oyun görürük. Daha çox 100 faizli qol epizodu yaratmalıyıq. Ötürmələr daha dəqiq olmalıdır. Təzyiqsiz oynamalıyıq. Bu, məni narahat edir. Ancaq ilk hissədə gördüyüm məqamlar mənə inam verir ki, birlikdə bu çətin periodu geridə qoyacağıq.
- Mert Çelikin performansı haqda nə düşünürsüz?
- Yaxşı oyun göstərdi. Onun dəyişmək istəmirdim. Ayağında ağrı olduğu üçün dəyişməyə məcbur qaldım. Çox yaxşı performans göstərirdi. Penalti epizodu bəxtsizlikdən oldu. Məncə, bu cür sürüşmə fəndi yerinə yetirməzlər. Amma bu baş verdi. Bəlkə də, oyun üslubu belədir. Onun performansından razı qaldım.
- Siz bura gələndə komanda avrokuboklarda çıxış edirdi və stadion azarkeşlə dolu idi. İndi isə 100-150 nəfər gəlir oyununuza. Burada özünüzü, rəhbərliyi və futbolçuları nə qədər günahkar görürsüz?
- Düşünmürəm ki, mənim, oyunçuların və ya rəhbərliyin günahıdır. Hamımız birlikdə işləyirik, məqsədimiz eynidir. Azarkeşlərin stadiona gəlməməsi bizi narazı salır. Amma biz azarkeşlərin önündə günahkarıq. Çünki yalnız yaxşı oyunla onları stadiona geri gətirə bilərik. Əminliklə deyə bilərəm ki, qarşıdakı periodda futbolçularım bu haqda ciddi düşünəcək. Çünki onların kifayət qədər səviyyəsi var ki, bu cür matçlarda qalib gəlsinlər. Burada yalnız ürəyi meydanda qoymaq kifayətdir.
- Amma azarkeşlər futbolçulara arxalarını çevirdilər. Final oyun üçün onları geri qaytarmaq çətin olmayacaq?
- Düşünmürəm. Final oyunu fərqli olur. İstəmirəm bu haqda danışım. Bayaq dedim ki, yenidən fanatları tribunaya gətirəcək adamlar bizik. Baxmayaraq ki, azarkeş sayı çox deyil, amma bu cür vəziyyətdə belə, onlar bizi sona qədər dəstəklədi. Oyundan sonra onlar bizə arxasını çevirsə də belə,
haqlıdırlar. Biz daha yaxşı oynamalıyıq.
- Finalda qalib gəlməsəniz, öz perspektivinizi necə görürsünüz?
- Gəlin finalı oynayaq. Görəcəksiz ki, qalib gəlirik.
Mirbağırağa
saytlarin hazirlanmasi