"Onlara Premyer Liqada şans verilsə, yığma səviyyəsində daha yaxşı nəticələr qazanarıq"

16:37 - 18 Oktyabr 2023

"Matça yaxşı hazırlaşmışdıq. İstəkli idik. Hesabda geri düşsək də, təslim olmadıq, sona qədər vuruşduq və qalib gəldik".

Sportal.az xəbər verir ki, bunları U-21 yığmamızın qolkiperi Yusif İmanov AVRO-2025-in seçmə mərhələsinin Lüksemburqla(3:2) Bakıda keçirilən matçından sonra deyib. Jurnalistlərə açıqlama verən gənc qapıçı buraxılan qolda səhvi olduğunu etiraf edib: 

"Oradakı səhvimi başa düşürəm. Bilirsiz, yaxın küncdən iki qol buraxmışam. Ona görə rəqibə cərimə zərbəsi vuranda, yaxın küncü bağlamışdım, amma top küləyin də təsiri ilə üstdən keçdi. Məşq edirəm, oyunlarıma təkrar-təkrar baxıram. Amma əslində, son vaxtlar performansımdan razı deyiləm. Təbii ki, daha yaxşı olmağa çalışıram".

İmanov, Azərbaycanın əsas, yoxsa U-21 yığmasında oynamağın özü üçün fərqi olmadığını deyib: "Milli forma elədir ki, hara dəvət etsələr, getməliyik. Fərqi yoxdur, əsas milli, yoxsa U-21. Hər zaman köməyimizi göstərməliyik. Düzü, əsas millidən dəvət gözləyirəm. Ancaq baş məşqçinin qərarıdır, ona hörmətlə yanaşmaq lazımdır. Hər şeyin öz vaxtı var, A millinin də".

Sonda isə qapıçı U-21 yığmasının yer aldığı qrupdakı şanslarından danışıb: "Yığma komandamızda istedadlı futbolçularımız var. Amma Premyer Liqada oynayan uşaqlarımız çox azdır, əsasən əvəzedici liqada, birinci divizionda oynayırlar. Halbuki, onlara Premyer Liqada şans verilsə, yığma səviyyəsində daha yaxşı çıxış edərik, daha yaxşı nəticələr qazanarıq".

Mirbağırağa

Xəbər xətti