"De Byazi haqlıdır, millimiz çətin qrupdadır, amma Belçika və İsveçdən xal almaq imkanımız var" - MÜSAHİBƏ

17:35 - 19 Oktyabr 2023

Azərbaycan milli komandasının veteran futbolçusu Deni Qaysumov Sportal.az saytına müsahibə verib. O, yığma komandamızın çıxışını dəyərləndirib. 

- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti yenilgisini Avstriyadan aldı. Necə düşünürsüz, nəticə ədalətli idi?

- Təəssüf ki, hər şey ədalətli olmur. Futbolda da belədir, hər şey istədiyin kimi alınmaya bilir. Təbii ki, nəticə ürəkaçan deyil. Baxmayaraq ki, rəqib qolunu yalnız penaltidən vura bildi. Həmin qolu buraxmasaydıq, başqa cür nəticə olardı. Ümumilikdə isə məyusedici hesabdır.

- Nə çatmadı ki, millimiz bu görüşdən xalla ayrılsın?

- Avstriya güclü komandadır. Bunu etiraf etmək lazımdır. Bizim millidə Avstriya yığmasında olduğu qədər təcrübəli oyunçu yoxdur. Onların çoxu da güclü çempionatlarda oynayır. Bunlar hamısı önəmli məsələlərdir. Belədə, millinin oyununa da təsir edir.

- Ümumilikdə, Avstriya millisi Azərbaycan üçün arzuolunmaz rəqibdir. İndiyə qədər onlara qalib gələ gəlməmişik. Sizcə, səbəb nədir?

- Avstriyalı futbolçular indi daha çox diqqət cəlb edirlər, onlarda yeni nəsil yetişib. Adlarına baxsanız, görərsiniz. Bir neçə il ərzində onların çoxu yüksək səviyyəli çempionatlarda oynayıb, gəncləri də geri qalmır. Bu da milliyə təsirini göstərir.

- Hazırda yığma komandamızın cəmi dörd xalı var, onu da Estoniya ilə iki görüşdən qazanıblar ....

- Bəli, reytinqdə bizdən yüksək olsalar da, Estoniyaya qalib gəlib, heç-heçə etdik. Ümumilikdə estonlarla matçdakı qələbə xoşuma gəldi, afərin! Belçikanı saymasaq, başqa komandalarla oyunlarda xallar qazana bilərdik. Amma komanda belə rəqiblərə qarşı oyunlarda təcrübə toplayır və güclənir. Ona görə də biz qələbələr gözləyəcəyik.

- Canni De Byazi Avstriya ilə matçdan sonra bildirib ki, "kimsə bu qrupdan çıxacağımızı gözləyirdisə, futbolu bilmir". Bununla bağlı sizin fikriniz necədir?

- Canni De Byazi haqlıdır, millimiz çətin qrupdadır. Amma düzü, İsveç millisi zəif oyunu ilə təəccübləndirdi. Hər halda, bütün matçlarda mübarizə aparmaq, nəticə üçün oynamaq lazımdır.

- Azərbaycan millisini qarşıda İsveç və Belçika ilə görüş gözləyir. Səncə, hansı oyunda xal qazana bilərik?

- Bu iki qarşılaşmada da xal qazanmalıyıq. Məncə, Belçika Azərbaycanla oyuna əsas heyətlə çıxmayacaq. İsveç millisi isə stimulunu itirib. Millimizin bu görüşlərdə rəqiblərindən xal almaq imkanı var. 

- Azərbaycan millisinin Avropa çempionatına vəsiqə qazanmaq şansı hələ də qalıb. Bu isə Millətlər Liqasından baş tuta bilər. Lüksemburq və Yunanıstan final mərhələsinə vəsiqə qazanarsa, milli Millətlər Liqasında pley-off matçlarına çıxacaq....

- Avropa çempionatında iştirak etmək böyük uğurdur! Komandamız futbol festivalına getməyi bacarsa, bu, bizim üçün böyük sevinc olacaq. Təbii ki, ölkə buna hazırdır. Komandamıza və uşaqlara uğurlar arzulayıram, ümid edirəm ki, beynəlxalq görüşlərdə uğurlu çıxışları ilə bizi sevindirərlər. Azərbaycan millisinin formasını geyinmək şərəfdir!

Mirbağırağa
 

Xəbər xətti