İsveç Futbol Assosiasiyasının prezidenti Fredrik Raynfeldt AVRO-2024-ün seçmə mərhələsinin Bakıda Azərbaycana qarşı keçiriləcək görüşdə isveçli azarkeşlərin milli komandalarının formasını geyinəcəyini ümid etdiyini bildirib.
Sportal.az xəbər verir ki, "SVT Nyheter"ə danışan 58 yaşlı federasiya rəhbəri xüsusən Belçikada baş verənlərə baxmayaraq, isveçli azarkeşlərin sarı-göy formadan imtina etməyəcəyinə inandığını söyləyib:
"Ümidvaram ki, fanatlarımız Bakıda millimizin formasını geyinə biləcək. Futbola olan sevgim və ümidim bizim formamızda orada yer almaqdır. Gələcəkdə də belə olmasını istəyirəm, yaşamağa cəsarət etməliyik. Bu idman növü bütün dünyada böyük auditoriyanı cəlb edir və nəticədə mövcud azarkeş mədəniyyəti fantastikdir. Ümid edirəm ki, bunu Bakıya səfər edənlər də göstərəcək".
Xatırladaq ki, Belçika və İsveç milliləri arasında keçirilən oyun birinci hissədən sonra yarımçıq dayandırılmışdı. Buna səbəb Brüsseldə baş verən faciəvi hadisə olub. Belə ki, görüş ərəfəsində naməlum şəxs iki isveçli azarkeşi güllələyib. Daha sonra isə azarkeşlərdən o vaxt azadlıqda olan qatilin növbəti hədəfinə çevrilməmək üçün İsveç milli komandasının köynəklərini çıxarmaqlarını xahiş etmişdi.
Qeyd edək ki, Azərbaycan - İsveç matçı noyabrın 16-da Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə 21:00-da start veriləcək.
Mirbağırağa
saytlarin hazirlanmasi