İsveç millisinin və "Hoffenhaym"ın keçmiş üzvü: "Qarabağ" böyük klubdur, Azərbaycanda oynamaq istəyərdim"

14:51 - 20 Oktyabr 2023

Jiloan Hamad İsveç yığmasında oynayıb, ancaq sonradan fikrini dəyişərək İraq millisində çıxış etmək qərarı almışdı. O, Bakıda dünyaya gəlib. Hətta uzun müddət AFFA onu millimizə cəlb etmək istəyib. Lakin bu istək heç cür reallaşmayıb. Hazırda Taylandda "Uthai Thani" klubunda oynayır. Bakıda doğulduğu üçün daim paytaxtımıza bağlı olduğunu bildirən Hamad Sportal.az saytına müsahibəsində ölkəmizə gəlmək istəyindən, karyerasını Azərbaycanda davam etdirmək fikrindən danışıb. "Malmo", "Hoffenhaym", "Standart"(Liej), "Hammarbü", "Qoritsa", "Orebro" klublarında da çıxış etmiş yarımmüdafiəçi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "Hekken"lə görüşünə də toxunub.

- Sonuncu dəfə nə vaxt Bakıda olmusan?

- Bakıda dünyaya gəlmişəm. Amma oranı tərk etdikdən sonra, bir də ora gəlməmişəm. Lakin hər zaman Azərbaycana səfər etmək istəyində olmuşam. Axı ora mənim üçün doğmadır, Azərbaycanda dünyaya gəlmişəm. İnanın, harada yaşasam belə, Bakı hər zaman ürəyimdə xüsusi yer tutub. Məncə, insan doğulduğu yerə hər zaman bağlıdır. 

- Heç Azərbaycan klublarından təklif almısan? 

- Xeyr, indiyə kimi Azərbaycan klublarından rəsmi təklif almamışam. Sadəcə şifahi danışıqlar olub, fikirlərimi soruşublar. Lakin onlar rəsmi səviyyəyə gəlib çıxmayıb. 32 yaşım var və özümü lap gənc kimi hiss edirəm. Çünki bədənim gəncdir, bununla bərabər isə böyük təcrübəyə malikəm. Həm meydanda, həm də meydandan kənarda kluba kömək edə bilərəm. Ətrafımdakı hər istedadlı oyunçunu daha yaxşı etmək və yaxşı oyunçu olması üçün hansı addımı atmaq lazım gəldiyini yaxşı başa düşürəm. 

- Ümumiyyətlə, sənin üçün Bakı klubunda oynamaq maraqlıdır? 

- Əlbəttə ki, Bakını təmsil edən klublardan birində çıxış etmək, orada yaşamaq çox maraqlıdır. Bu, məni xoşbəxt edərdi. Bilirəm ki, Bkıda özümü xoşbəxt hiss edərdim. Düzünü deyim, karyeramın əvvəlində mən buna hazır deyildim, çünki Avropadan daha yaxşı təkliflər alırdım. Ancaq indi mənim üçün maraqlı olardı. 

- İsveç yığmasının sabiq üzvü olduğun üçün hər halda, bu ölkənin klublarının çıxışlarını izləyirsən. Avropa Liqasında "Hekken"- "Qarabağ" matçını izlədin?

- “Qarabağ” haqda çox məlumatım var. İsveçdəki matçı təəssüf ki, canlı izləyə bilmədim. Çünki Tayland çempionatında komandamın oyunu var idi. Amma sonradan görüşə baxdım, kadrları gördüm. "Qarabağ" böyük klubdur. Şadam ki, onlar qalib gəldilər və vacib üç əldə etdilər. Ümid edirəm ki, onlar uğurlu nəticələr qazanacaqlar.

- Səninlə eyni çempionatda çıxış edən Ramil Şeydayev barədə nə düşünürsən? Onun komandası Taylandda liderlik edir. Şeydayevlə  üz-üzə gələndə, yəqin ki, söhbət etmək imkanın olacaq?

- Hələ ki, “Buriram Yunayted”lə qarşılaşmamışıq. Amma bizim komandalar üz-üzə gələndə, təbii ki, onunla görüşəcəm, danışacam. Ramil çox yaxşı futbolçudur. Onu Taylanda gəlməmişdən qabaq da tanıyırdım. Onun oyun stilini bəyənirəm. İnanıram ki, “Buriram Yunayted”də çox yaxşı karyera quracaq.

Mirbağırağa

Xəbər xətti