"Bir oyunda xal qazanırıq, daha sonra iki matçda uduzuruq, özümüz də sabitlik istəyirik" - MÜSAHİBƏ

12:18 - 22 Oktyabr 2023

"Kəpəz"in kapitanı Yeqor Xvalko Sportal.az saytına müsahibə verib. O, komandasının Premyer Liqanın 10-cu turdakı “Zirə” ilə görüşündən danışıb.

- "Zirə" ilə matçda bərabərə qaldınız. Liderlər görüşdə məğlub olmamaq üçün həyəcanı var idi?

- Prinsipcə, gərgin oyun alındı. Matçda qol epizodları minimum idi. Oyuna çox yaxşı hazırlaşmışdıq. İlk dövrədəki oyundan çox fərqlənirdi. Məncə, dünənki görüşün ədalətli nəticəsi bərabərlik idi. Bizə xal lazım olduğunu yaxşı başa düşürdük. Ən azından matçı xalsız başa vurmadıq. 

- Qarşılaşmanın nəticəsindən razı qaldınız, yoxsa qalib gəlmək istəyirdiz? 

- Məncə, bərabərə qalmaq istəyən idmançı yoxdur. Biz hər oyunda qalib gəlmək istəyində oluruq. Amma bunu oyuna yanaşmanla qazanmalısan. "Zirə" ilə görüşdə planlaşdırdığımız bir çox məsələlər alınırdı. Bizim üçün əsas çətin məsələ qol vurmağımızdır. Bunu etməsən, qalib gələ bilməyəcəksən.

- Birinci dövrədə rəqibinizə məğlub olmuşdunuz. İki görüşü müqayisə etsəniz, hansı mənzərə ortaya çıxar?

- Ötən oyunla müqayisədə biz daha az qol epizodu yaratdıq, topla daha az oynayırdıq, daha çox müdafiə olunurduq. İlk yarıda topa daha çox sahib olurduq, müdafiədə əks-hücumlara çıxırdıq. İkinci hissədə isə "Zirə" daha çox topu kontrol edirdi. Məncə. bu dəfə daha yaxşıdır.

- Ev oyunlarınızı Tovuzda süni örtüklü meydanda keçirmək çətin deyilki? Yəqin ki, bu, Bakı və ya Qəbələyə yollanaraq təbi örtüklü meydanda oynamaqdan daha uyğundur?

- Süni meydançanın yeganə üstünlüyü onun həmişə eyni səviyyədə olmasıdır. Təbii ki, təbii örtüklü meydançada oynamaq daha yaxşı və zövqlüdür, amma süni meydançada oynamaqdan başqa çarə yoxdursa, biz bunu qəbul edirik və başqa heç nəyə fikir vermirik. Digər üstünlük odur ki, Tovuza getmək çox da yorucu deyil, Gəncədən ora yaxındır. 

- Maraqlıdır, "Kəpəz" yenə də liderlər qrupunda yer alan iddialı komandadan xal almış oldu. Komanda "Neftçi", "Qarabağ", "Sabah" kimi iddialılarla matçlarda xalsız qalmır, digər komandalarla matçda istəyinə çatmır. Səbəb nədir?

- Hamı başa düşür ki, onlar ciddi komandalardır və hamı oyunlara yaxşı hazırlaşır. Bu matçlardan sonra komandanın özünəinamı yüksəlir. Ancaq sonra biz digər oyuna çıxıb heç cür başa düşülməyən, iddialılarla görüşlərdə belə, etmədiyimiz səhvlərə yol veririk. Düşünürəm ki, ardıcıl iki-üç oyunda xal aldıqdan sonra sabitlik gələcək. Amma indi bizdə belə alınır ki, xal qazanırıq, daha sonra iki oyunda uduzuruq. Sonra yenidən, bir matçda uğurlu çıxış, ardınca iki oyunda məğlubiyyət. Təbii ki, özümüz də, stabillik istəyirik.

Mirbağırağa

Xəbər xətti