Rumıniyanın "Sepsi" klubunun üzvü, "Qəbələ"nin aparıcı futbolçularından olmuş İsnik Alimi Sportal.az saytına müsahibə verib. Şimali Makedoniya millisinin yarımmüdafiəçi Azərbaycandakı karyerasını xatırlayıb və Rumıniyadakı durumundan danışıb.
- "Sepsi"də işlərin necə gedir, hər şey səni qane edir?
- Ümumi olaraq hər şey qaydasındadır. Son vaxtlarda komandanın nəticələri istədiyimiz kimi olmadı, amma bu da düzələcək. Əsas odur ki, yeni komandama çox yaxşı uyğunlaşıram. Açığı, belə başlayacağımı heç özüm də gözləmirdim.
- Rumıniya ilə Azərbaycan futbolu, “Qəbələ” ilə “Sepsi” bir-birindən çox fərqlənir?
- Bəli, çempionatlar fərqlidir. Rumıniyada çempionat matçlarında stadionlar tam dolu olur. Oyunları izləməyə çox adam gəlir. İkincisi, məncə burada daha yaxşı fiziki durumun olmalıdır.
- Maraqlıdır, yaxın illərdə Azərbaycandan təklif gəlsə, geri qayıtmaq istəyərdin? Məsələn, “Neftçi” və ya “Qarabağ”a....
- Gələcəyin mənə nə gətirəcəyini bilmirəm. Amma hələlik Rumıniyadan ayrılmağı fikirləşmirəm. Çünki mövsümün sonuna qədər eyni səviyyədə davam etmək istəyirəm. Azərbaycanda əvvəl dediyim kimi 2 gözəl il keçirmişəm. Bəlkə də, nə vaxtsa Azərbaycana qayıtdım. Nələr baş verəcəyini öncədən haradan bilmək olar? Yaşayaq, görərik
- "Sepsi"də oynamağa başladın və Şimali Makedoniya millisinə dəvət aldın. Səncə, bu, “Qəbələ”də oynayanda niyə baş tutmurdu?
- Bilmirəm. Bəlkə indi Avropadayam, ona görədir. "Sepsi"nin heyətində Konfrans Liqasında çox yaxşı çıxış etməyimizin də burada önəmi rolu ola bilər. İstənilən halda, milliyə dəvət edildiyim üçün şadam. "Qəbələ"də olanda da əlimdən gələni edirdim.
- Azərbaycan Premyer Liqasını və “Qəbələ”nin çıxışını izləyirsən? Səncə, bu komandanın Premyer Liqadakı uğursuz çıxışı nə ilə əlaqədardır...
- Vaxtım olanda "Qəbələ"nin oyunlarına baxıram. Bu komandada yayda çoxlu dəyişikliklər oldu, çox oyunçu getdi, başqaları gəldi. Düşünürəm ki, onlar üçün asan olmayacaq. Amma vaxtları var və yaxşı mövsüm keçirə bilərlər. Çünki "Qəbələ" çox yaxşı baş məşqçiyə sahibdir. Hansı ki, baxımlı futbol oynatmağı sevir. Son illərdə bunu göstəmişdi.
- Yayda komandadan ayrılanlardan biri də sən idin. Legionerlər “Qəbələ”ni tərk edərkən, xeyli müzakirələr getdi ki, maliyyə məsələlərinə görə qalmamısız...
- Bu haqda qısa deyəcəm. Karyeramda yenilik istəyirdin. “Sepsi” də bu yöndə düzgün seçim oldu.
Mirbağırağa
saytlarin hazirlanmasi