Birinci Liqanın iddialılarından olan "Şamaxı" hazırda turnir cədvəlində dördüncü pillədədir və Premyer Liqaya qayıtmağa iddialıdır. Komandanın baş məşqçisi Vüqar Əsgərli "İrəvan"la görüşdən əvvəl Sportal.az saytına müsahibə verib.
- "Şamaxı"nın bu tura qədərki çıxışını necə dəyərləndirirsiz? Hər şey istədiyiniz kimi alınır?
- Son tura qədər hər şey istədiyimiz kimi gedirdi. Dörd oyundan üçünü səfərdə çempionluğa iddialı komandalara qarşı oynamışdıq. Hamısından da xal ala bilmişdik. Sonuncu oyunumuzda öz meydanımızda "Mingəçevir"lə görüşdə futbolda az-az rast gəlinən təəssüf ki, fərdi səhvlərdən, özü də ardıcıl səhvlərdən qollar buraxaraq ilk məğlubiyyətimizi aldıq. Oyun planında yenə də komandadan çox razıyam, hər şey istədiyimiz kimi gedirdi. Təəssüf ki, yenə qeyd edim, fərdi səhvlərdən uduzduq. Ümid edirəm ki, qarşıdakı oyunlarda qalib gələrək vəziyyətimizi xeyrimizə dəyişəcəyik.
- Ötən mövsümkü heyəti qoruyub-saxlamağınıza divizionda oynamağınız mane oldu?
- Bildiyiniz kimi, keçən il heyətimizdə olan futbolçulara Premyer Lİqa komandalarından kifayət qədər təkliflər var idi. Bir klub olaraq da, bunların bəzilərini dəyərləndirdik. Həm transfer, həm də icarə olaraq. Təbii ki, maliyyə məsələləri də burada rol oynayırdı. Düşünürəm ki, indi də çempion olmağa layiq heyətimiz var.
- Birinci Liqada növbəti oyununuz "İrəvan"a qarşıdır. Bu matç barədə fikriniz necədir?
- Rəqibdən asılı olmayaraq, ev və ya səfərdə oynamağımız da da asılı olmayaraq, məqsədimiz ancaq qalib gəlməkdir. "İrəvan"la matça da başqa oyunlara hazırlaşdığımız kimi davam edirik.
- "İrəvan"da vəziyyət qarışıqdı, futbolçular məşqə və oyuna çıxmır. Rəqibdəki vəziyyətin bu cür olması işinizi asanlaşdırır?
- Biz də mətbuatdan bəzi məlumatlar görmüşükü. Ancaq bu bizim işə yanaşmamızı dəyişə bilməz. Belə hallara futbolçular və futbol adına üzülürəm. Ümid edirəm ki, tezliklə bu vəziyyətdən çıxıb, çempionata rəng qatacaqlar.
- "İrəvan" liqanın iddialılarından biri idi. Onlardakı qeyri-müəyyənlik sizin üçün üstülük sayıla bilər? Hər halda, əsas rəqiblərinizdən birinin sıradan çıxdığı görülür...
- Qeyd etdiyiniz kimi, bu komanda əsas rəqiblərimizdən biridir. Hazırki vəziyyətə baxmayaraq, əsla komandanın bu vəziyyətini bizim üçün üstünlük kimi dəyərləndirə bilmərəm. Allah qoysa, tezliklə bu vəziyyətdən çıxarlar. Hər halda, rəqabət də güclü olanda yaxşıdır.
- "Şamaxı"nın Premyer Liqaya yüksəlmək şanslarını necə dəyərləndirirsiniz?
- "Şamaxı"nın Premyer Liqaya qayıtmaq şansı çox yüksəkdir. Əminəm ki, çempionatın sonunda bu belə də olacaq. Biz bunun üçün mübarizə aparırıq. Əvvəldə də dediyim kimi, biz bütün matçlara qələbə üçün çıxırıq. Əlimizdən gələni sona qədər edəcəyik. Hamımız inanırıq və fikirləşirik ki, bunu bacara bilərik.
Mirbağırağa
saytlarin hazirlanmasi