Rusiyada futbolla məşğul olan həmyerlilərimizdən biri də 2003-cü il təvəllüdlü Hümbət Qiyasbəylidir. Qonşu ölkədə dünyaya gələn Hümbət "Smena"nın yetirməsidir. O, Sportal.az saytına müsahibəsində özünü Azərbaycan çempionatında sınamaq istədiyini də bildirib. Bununla yanaşı, “Antalyaspor”dan dəvət alsa da, Türkiyəyə yollana bilməməsinin səbəbini də açıqlayıb.
- Öncə özün barədə məlumat verərdin...
- 2003-cü il, avqustun 17-də Rusiyanın paytaxtı Moskva şəhərində doğulmuşam. Valideynlərim azərbaycanlıdır. Atam Gürcüstanın Qardabani şəhərindəndir, anam isə Qazax rayonundandır.
- Maraqlıdır, indiyə qədər hansı klublarda oynamısan, futbola harada başlamısan?
- Uşaqlıqdan eyni komandada oynamışam, “Smena”da. Sonra isə tanışım mənə yardım etmək üçün həvəskarlar liqada çıxış edən, özünün yaratdığı komandaya dəvət etdi. Adı da "Smerç"dir. Onlara da kömək edirəm. İndi də həm “Smena”da, həm də “Smerç”in üzvüyəm. Bu mövsüm 18 oyunda 17 qol vurub, iki məhsuldar ötürmə vermişəm.
- Necə düşünürsən, indiyə qədər Rusiya Premyer Liqasına qədər yüksəlməməyin nə ilə bağlıdır?
- Çünki istəmirdim ki, nəsə məni bura ilə bağlasın. Xüsusilə də son vaxtlarda bilirsiz, Rusiyanı demək olar ki, Avropadan “kəsiblər”. Nə milli seçmə mərhələ oyunlarına çıxır, nə də Premyer Liqa klubları avrokuboklarda oynayır.
- Heç Azərbaycan klublarından təklif almısan? Ümumiyyətlə, Azərbaycan klublarında oynamaq sənə maraqlıdır?
- Xeyr, Azərbaycan klublarından təklif almamışam. Sadəcə “Antalyaspor” mənə dəvət göndərmişdi. O da, Rusiyada universitet oxuduğum üçün getməyim alınmadı. Təhsilimi burada davam etdirdim.
- AFFA-dan necə, sənə yığma komandalarımızda oynamaq təklifi də olmayıb?
- Yox, AFFA-dan yığma komandalarımız üçün mənə təklif gəlməyib.
- Azərbaycan Premyer Liqasnı izləyirsən? Yəqin ki, ən azından "Qarabağ"ın avrokuboklardakı çıxışına baxırsan?
- "Qarabağ”ın avrokuboklarda oyunlarına baxmışam. Onların uğurlu çıxışı azərbaycanlı kimi məni çox qürurlandırır, fəxr edirəm. Təbii ki, hər zaman daha yaxşısına çatmaq olar. Azərbaycan futbolsevərləri bilməlidir ki, yeni futbolçu nəsli gəlir, özüm də bu siyahıdayam.
- Maraqlıdır ki, gələcəkdə özünü Azərbaycanın əsas millisində xəyal edirsən? Yoxsa, çətin ki, bu baş versin?
- Uşaqlıqda rəhmətlik Hümbət babama əla futbolçu olacağıma dair söz vermişdim. Çətin vaxtlar olanda, babama verdiyim sözümü xatırlayırdım, çalışmağa davam edirdim. Əlbəttə ki, özümü Azərbaycanın əsas millisində görürəm. Bunu babama verdiyim söz, ailəm üçün edəcəm. 15 il ərzində əziyyət çəkən atam və anam üçün bunu etmək istəyirəm.
Mirbağırağa
saytlarin hazirlanmasi