Estoniyada yaşayan 7 yaşlı azərbaycanlı futbolçu Niderlandın "Ayaks" klubunun akademiyasına seçimlərdən uğurla keçib və Amsterdama dəvət olunub. Bununla bağlı oyunçunun atası Elgün Zeynallı Sportal.az saytına müsahibə verib:
- Öncə oğlunuzla bağlı məlumat verərdiniz. Neçə yaşdan futbolla məşğuldur və ilk komandası hansı olub?
- Zeynallı Ömər Elgün oğlu. Gələn ay 7 yaşı olacaq. Bazar günləri Tallində yaşayan dostlarımızla futbol oynayırıq. Öz oyunlarımıza Öməri də aparırdım. Stadionda top daşıyırdı, həm də bizə baxırdı. Düşünürəm ki, futbola marağı belə yaranıb. Evdə televizorda futbola baxanda mənə suallar verirdi, bu idman növü ilə maraqlanırdı. Bir dedi ki, mən də futbola getmək istəyirəm. Beləliklə 5 yaşında yerli futbol akademiyasına yazıldı. İlk və hazırki klubu "Tallin"dir.
- Necə alındı ki, "Ayaks"a seçildi? Haradakı seçimlərdə iştirak etməyə başladı?
- "Ayaks" akademiyası hər il öz məşqçi heyətindən 4 nəfəri dünyanın bir çox ölkələrinə skaut kimi göndərir. Həmin ölkələrdə üç günlük düşərgə təşkil olunur və ora seçim üçün uşaqlar dəvət olunur. Hər yaş qrupundan bir uşaq seçirlər və Amsterdama dəvət edirlər. Ömərin instaqram hesabı var, ora videolar yükləyirəm. Niderlandlılar bu videonu görüb instaqramda mənə yazdılar. Mesaj yazan Estoniyadakı düşərgənin direktoru idi. Niderlandlılar deyib ki, necə ola bilər ki, 5-6 yaşlı uşaq düşünür, top auta çıxmasın deyə sürüşüb saxlamaq lazımdır. Onlara maraqlı gəlib. Oğlumu üç günlük düşərgəyə dəvət etdilər. Mən də razılaşdım. Üç gün sonra ora getdik. Son gündə 6 yaşlı Öməri 7 yaşlıların qrupundan ən fəal oyunçu kimi seçdilər.
- Hər halda, "Ayaks" seçmələrində seçilən ilk azərbaycanlıdır oğlunuz. Oğlunuzun "Ayaks"dakı perspektivini necə dəyərləndirirsiz?
- Valideyinlərimlə, həyat yoldaşımla və böyük qardaşlarımla bu haqda danışdım. Onlar dedilər ki, uşağın hələ yaşı azdır, ingilis dilini bilmir, Amsterdamda necə yaşayacaq? Bu kimi ciddi suallar ortaya çıxdı. Akademiya uşağın təhsilini, orada qalmağı və məşqləri təmon edir. Onlar bizimlə söhbətdə Ömərin ilk azərbaycanlı uşaq olacağını dedilər. Biz onlardan bir il möhlət istədik ki, uşaq ingilis dilini öyrənsin. Onlar da razılaşdılar və 1-2 il sonra Öməri yenidən yoxlayacaqlarını dedilər. Estoniya futbolda çox zəif surumdadır. Amma uşaq futbolu yaxşı inkişaf edib. Əlbəttə istəyərdim ki, oğlum daha perspektivli akademiyada məşq eləsin. "Ayaks" dünyanın ən güclü akademiyası olduğu üçün istərdik ki, Ömər futbola orada davam etsin.
- Məşqçilər daha çox oğlunuzun əsas üstünlüyünün nədə olduğunu göstərir? Hansı ampluadadır?
- Əsas üstünlüyü driblinq, sürət və düşünmə qabiliyyətidir. "Ayaks" akademiyası driblinq, sürət prinsipini əsas tutur. Bu prinsip onların dərsliklərində də var. Ömərə hər iki ayaq işləkdir. Daha çox hücumçu, sağ vinger mövqeyində oynayır.
- Necə düşünürsüz, gələcəkdə oğlunuz "Ayaks"ın əsas komandasına qədər yüksələ biləcək? Bu çətin yolda yəqin ki, hər zaman ona dəstək olacaqsız?
- Həddən çox futbola marağı var, futbolla nəfəs alır. Əlbəttə inanıram ki, "Ayaks"da məşqlərə başlasa, əsas komandaya kimi gedəcək. Valideyin kimi həmişə ona dəstək olacağam. "Playstation"da ancaq futbol diskləri, telefonunda ancaq futbol oyunları var. Otağını belə futbola uyğun formada təmir etdirib.
- Azərbaycanda uşaq futbolunda olmusuz? Yəni görümüsüz Azərbaycan uşaq futbolunu? Sualım belə idi ki, sizcə nədə geridə qalır Azərbaycan futbolu Niderlanddan?
- Azərbaycan uşaq futbolundan xəbərim var. Əlbəttə ki, Niderland futbolu ilə müqayisə etmək düzgün olmaz. Azərbaycanda uşaq futbolu ora ilə müqayisədə nəzərə çarpacaq dərəcədə geridədir. Futbol meydançalarının sayı, geyim-təchizat, savadlı məşqçilər, keçirilən məşqlər və s. hanısı fərqlidir. Üç günlük düşərgədə Ömərin futbol ayaqqabısının ipi açılanda "Ayaks" akademiyasının məşqçisi oyunu saxlayıb özü əyilib ipi bağlayırdı. Ötürmə etməli olduğun yerdə qapıya zərbə vurdunsa, oyunu saxlayıb uşağın səhvini başa salır.
- Oğlunuzu hər halda, Azərbaycan ylğmasında da görmək istəyərdiz hansı klubda oynamağından asılı olmayaraq?
- Mən Ömərdən soruşanda özü deyir ki, Azərbaycan milli komandasında oynayacağam. Yəni artıq seçinini edib.
- Ümuiyyətlə, oğlunuzun gələcəkdə oynamaq istədiyi komanda hansıdır?
- Evdə "Ayaks"ın oyunlarına baxır. Deyir ki, o stadionda oynayacağam. "Ayaks" və "Real"da oynamaq istəyir. Azərbaycan klublarından "Neftçi" və "Qarabağ"ı tanıyır. Amma bu klublarda oynamaq istəmədiyini deyir. Fikri yalnız Avropadadır. Ən çox sevdiyi futbolçular Kriştiano Ronaldo, Lionel Messi, Mixaylo Mudrik, Erlinq Haalnd və Cud Bellingemdir.
Mirbağırağa
saytlarin hazirlanmasi