"Leverkuzendəki məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın növbəti mərhələyə adlayacağına inanıram" - MÜSAHİBƏ

21:37 - 27 Oktyabr 2023

"Qarabağ"ın sabiq futbolçusu, Şimali Makedoniya millisinin keçmiş kapitanı Artim Şakiri Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" Avropa Liqasının 3-cü turunun "Bayer"lə matçında 1:5 hesabı ilə məğlub oldu. Görüş haqda fikrin necədir? 

- Bəli, oyunu izlədim. "Bayer" hazırda Avropada ən yaxşı durumda olan komandalardan biridir. Bəlkə də, ən birincilərdəndir. Ola bilsin ki, hesab qeyri-realdır. Ancaq futboldur da, hər şey mümkündür. Artıq bu matç geridə qaldı.

- Leverkuzendə uğurlu nəticə üçün səncə nə çatmadı?

- Bu, cəmi bir oyun idi və artıq bitdi. Leverkuzendəki məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın növbəti mərhələyə adlayacağına inanıram. Çünki onlar həqiqətən yaxşı futbol oynayır. Sadəcə "Bayer" olduqca güclü komandadır və bu mövsüm xüsusilə də, yüksəlişdədir. Ona görə Almaniya klubu ilə görüşlər hər bir komanda üçün ağır keçir.

- Məğlubiyyətə əsas səbəb nə idi?

- Hər şey mümkündür. Almaniyadakı matçda gözləntilər var idi. Amma hər halda, qarşıdakı matçlara fikir vermək, diqqət ayırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, “Qarabağ” top-5 liqada mübarizə aparan rəqibə uduzub. Bu cür komandalara uduzmaq isə məncə, o qədər də problem olmamalıdır. Onların oynadığı liqalar bəllidir.

- “Qarabağ”ın AL-dəki növbəti oyunu da “Bayer”ə qarşıdır...

- Doğrudur, bu, böyükhesablı məğlubiyyətdir. “Bayer” Avropanın böyük klublarından biridir. Ona görə də, bu cür komandalara qarşı oynamaq heç də asan deyil. Bu tip komandalar matça yüksək pressinqlə başlayıb, dayanmadan sona qədər eyni tempi davam etdirirlər. 

- “Qarabağ”ın evdə Bundesliqa liderini məğlub edə biləcəyini düşünürsən?

- Əlbəttə, hər şey mümkündür. Əgər onlar Almaniyadakı matçı yaxşı analiz edib, azarkeşlərinin də dəstəyini görərsə, Bakıda uğurlu nəticə qazana bilərlər. Sadəcə inanmaq lazımdır. "Qarabağ" bundan əvvəl də böyük komandalara qarşı yaxşı oyun göstərib, uğurlu nəticələrə imza atıb.

- Bu komandanın qrupdan çıxacağına inanırsan?

- "Bayer"lə matça qədər “Qarabağ” “Hekken” və “Molde”ni məğlub etmişdi. Özü də, uğurlu oyunla. Ona görə də, Leverkuzendəki məğlubiyyətə baxmayaraq, mən “Qarabağ”ın qrupdan çıxacağına çox inanıram. Onlar 100 faiz növbəti mərhələyə vəsiqə qazanacaq. 

Mirbağırağa

Xəbər xətti