"Kəpəz"in yarımmüdafiəçisi Şakir Seyidov Sportal.az saytına müsahibə verib. O, komandasının Premyer Liqadakı çıxışını dəyərləndirib.
- "Kəpəz" son turda "Zirə" ilə bərabərə qaldı. Həmin matçdakı performansınızı necə dəyərləndirirsən?
- Məncə, komandamız yaxşı oynadı. Düzdü, təəssüf ki, zədəyə görə komandama meydanda kömək edə bilmədim. Ancaq kənardan dəstək olurdum. Komandamız layiqli oynadı və bir xal qazandı.
- Liderlə bərabərlik "Kəpəz"i qarşıdakı matçlara nə dərəcədə motivasiya edib?
- Liderlə oyunda hər komanda istəkli olur. Bu cür matçlarda başqa sözə gərək yoxdur. Komanda motivasiyalı olur və meydana xal üçün çıxır.
- Növbəti turdakı rəqibiniz "Turan Tovuz"dur. Qərb derbisində "Kəpəz"in qalib gəlmək şanslarını necə dəyərləndirirsən?
- Hər oyuna hazırlaşdığımız kimi, bu matça da hazırlaşmışıq. Komandaya yeni qoşulmuşam. Zədədən də yeni qayıtmışam. İnanıram ki, Tovuzda yaxşı nəticə ilə qayıdacağıq.
- Yeri gəlmişkən, "Kəpəz"in ev oyunlarını Tovuzda keçirməsi komandanın nəticələrinə necə təsir edəcək?
- İstəyərdik ki, ev oyunlarımızı Gəncədə keçirək. Meydança təmirə getdiyi üçün bu qərarı veriblər. Biz də əlimizdən gələni edirik ki, itlən yerdə "Kəpəz" sevənləri qələbə qazanaraq sevindirək.
- Hazırda "Kəpəz" Premyer Liqanı tərk edəcək əsas "favorit" kimi göstərilir. Liqada qala biləcəksiz?
- İnanıram ki, "Kəpəz" sonuncu pillədə olmayacaq. Sadəcə bizə bir qələbə lazımdır ki, komanda daha da yaxşı olsun. Həmin qələbəni də qazanmağa gücümüz çatar.
- "Sabah"dan "Kəpəz"ə gəldin ki, daha çox oyun şansı qazanasan. Hazırda performansından razısan?
- "Kəpəz"ə gələndən bu yana yalnız bir oyunda oynamamışam. Qalan bütün matçlarda isə oynamışam. Bayaq dediyim kimi, zədədən yeni qayıtmışam. Azər müəllim şans versə, gələcək özümü göstərəcəm.
- Bu mövsüm daha çox müzakirə edilən məsələ "Kəpəz"in ən çox iddialılardan xal almasıdır. Səncə, niyə iddialılarla matçlarda uğurlu nəticə olur, amma ortabab və aşağı sıralarda gedənlərlə alınmır?
- Biz hər oyuna xal və ya xallar qazanmağa çıxırıq. Bəzən alınır, bəzən yox. Ümidvaram ki, hər şey yaxşı olacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi