Minifutbol üzrə Azərbaycan milli komandasının futbolçusu Rəvan Kərimov Sportal.az saytına müsahibə verib. O, qrup mərhələsinin ikinci turunda Misir üzərində qazanılan qələbəni şərh edib.
- Azərbaycan millisi Misirlə görüşdə qələbə qazandı. Həmin görüşlə bağlı fikrin necədir?
- Matçın çətin keçəcəyini bilirdik. Misir Afrika çempionatının son çempionudur. Qarşılaşma gözlədiyimiz kimi də keçdi. İlk hissə çətin alındı. Yalnız ikinci yarıda vaxtında qolları vurduq və istədiyimiz nəticəni əldə etdik. Şadam ki, qalib gəldik.
- Necə düşünürsən, komanda İraq, yoxsa Misirlə görüşdə daha çətinlik çəkdi?
- Fikrimcə, ilk turda İraqa qarşı istədiyimiz oyunu oynaya bilmədik. Çünki stadion yağış yağdığına görə çox sürüşürdük. Ancaq Misirlə matçda stadion tam quru idi və ideal vəziyyətdəydi. Bu mənada, ikinci matçda daha yaxşı oyun göstərdiyimizi deyə bilərəm.
- Milli artıq qrupdan çıxmağı özün üçün təmin etdi. Küveytlə görüşə də qələbə üçün çıxacaqsız?
- Bəli, qrupdan çıxmışıq. Amma biz son tura da qələbə üçün çıxacağıq. Çünki bizim üçün hər görüş vacibdir, qalib gəlmək niyyətindəyik.
- Ümumiyyətlə, təşkilatçılıq, stadionlar hansı durumdadır? Hər şey yaxşı səviyyədə təşkil edilib? Sizə olan münasibət necədir?
- Təşkilatçılıq yaxşı vəziyyətdədir. Hər bir məsələyə peşəkar yanaşırlar. Stadionlar da dediyim kimi, yağış yağdığı üçün ilk turlarda pis vəziyyətə düşmüşdü. Lakin meydança quruduqdan sonra həmin amil də aradan qalxdı.
- Azərbaycan millisi dünya çempionatına sonuncu Avropa çempionu kimi yollanıb. Dünya çempionliğunu əldə edə bilərsiz, yoxsa çox çətin görünür?
- Hər bir çempionluğun yolu çətin olur. Burada çox güclü komandalar var. Lakin biz də bura çempionluq üçün gəlmişik.
- Avropa çempionu olan heyətdə sən də yer almışdın. Səncə, indi milli daha güclüdür, yoxsa o vaxtı daha güclü idi?
- Avropa çempionu olanda da heyətimiz yaxşı idi. İndi də yaxşı heyətimiz var. Mən iki heyət arasında fərq qoymazdım.
Mirbağırağa
saytlarin hazirlanmasi