"Qarabağ" və "Neftçi" üçün əlamətdar oyun

12:29 - 31 Oktyabr 2023

Misli Premyer Liqasının XI turu “Qarabağ”la “Neftçi” üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, hər iki komanda Azərbaycan çempionatları tarixində yubiley – 900-cü matçını keçirib.

1992-ci ildən təşkil olunan yarışın daimi iştirakçısı olan iki klub oyun sayında da mütləq rekordçudur. 32-ci mövsümdə 900-ə çatan yubilyarların ikisi də əlamətdar matçda uduzub. Yubileyini əzəli rəqibindən bir gün əvvəl qeyd edən “Neftçi” öz meydanında “Sabah”a 0:1, “Qarabağ” isə səfərdə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olub.

Bu, 900 matçda 518 qələbə qazanıb, 208 heç-heçə edən Ağdam klubunun 174-cü məğlubiyyəti olub. Bakılılar isə 507 qələbə və 198 heç-heçə etdikləri dövrdə 195-ci dəfə xalsız qalıb.

Qeyd edək ki, hər iki komandanın debütü ilk çempionata təsadüf edib. “Qarabağ” 1992-ci il mayın 3-də öz meydanında Sabirabad “İnşaatçı”sına 1:2 hesabı ilə uduzub. Beş gün sonra meydana çıxan “Neftçi” evdə Sumqayıt “Xəzər”inə qalib gəlib – 1:0.

Xəbər xətti