"Araz-Naxçıvan"ın forvardI, Premyer Liqanın 10-cu turunun "Qarabağ"la (2:1) görüşündə komandasının qollarından birinə imza atan Orxan Əliyev Sportal.az saytına müsahibə verib.
- "Qarabağ"la matç sizin üçün necə alındı? Yəqin ki, matçdan əvvəl bir xala da razı idiz?
- Oyun heç də asan keçmədi. Amma “Qarabağ”ın Avropa Liqasında oynadığını, neçə ildir ki, Azərbaycanda çempionluqları bayram etdiyini bilirdik. Hər şey göz önündədir. İstənilən halda, biz yaxşı futbol oynadıq, layiqli qələbə qazandıq. “Qarabağ”a qalib gəlmək üçün ən yaxşısını etdik.
- Bu matçda qələbəni nəyə borclusuz? Necə oldu ki, qalib gəldiz?
- Əsl xarakter nümayiş etdirdik. Meydanda çox işlədik. Bir neçə qol epizodu yaratdıq. Özümüzə çox inandıq və bu da qələbəyə gətirib çıxardı.
- “Qarabağ”la matçda yaxşı performans ortaya qoydun. Sanki oyuna xüsusi hazırlaşmışdın?
- “Qarabağ”a qarşı oynamaq hər zaman motivasiyadır. Çox güclü komandaya qarşı oynadığını bilirsən. Özünü də ən yaxşı tərəfdən göstərməyə çalışırsan. Şadam ki, özümü yaxşı tərəfdən göstərmək alındı.
- Penaltini qazandın və özün də reallaşdırdın...
- Qol epizodları yaradaraq, onları reallaşdırmaq mənim əsas işimdir. Artıq dördüncü qolumu vurdum. Allah qoysa, davamını gətirərəm. Öz üzərimdə daha çox işləməliyəm.
- “Qarabağ” üzərindəki qələbə “Araz-Naxçıvan”a qarşıdakı matçlarda necə kömək edəcək? Bu oyuna qədərki “Araz-Naxçıvan”la, bundan sonrakı komanda arasında fərq çox olacaq?
- Biz özümüzə çox inanırdıq. Öz işimizi meydanda sona qədər gördük. Bu, tək “Qarabağ”la oyunda belə deyildi. İstənilən matça yüksək əhval-ruhiyyə və inamla çıxırıq. Çünki hər matç bizim üçün vacibdir.
- Növbəti oyununuz “Sumqayıt”a qarşıdır. Onları məğlub edə biləcəksiz?
- Hər bir rəqibə hörmətlə yanaşırıq. Buna baxmayaraq, bizim öz məqsədlərimiz, yanaşmamız var. Oyun hər şeyi göstərəcək. İndidən nəə danışmağın mənası yoxdur. Əsas olan, matça düzgün hazırlaşmaq və doğru analizlərdir.
- “Araz-Naxçıvan” hazırda üçüncü pillədədir. Bu pillədə qalmağınız mümkündür?
- Hazırda üçüncü pillədəyik. Amma biz daha çox çalışmalı və qələbələr qazanmalıyıq. Ki, mövqeyimizi gücləndirək. Azərbaycan Premyer Liqası maraqlı keçir. Turnir cədvəlində bütün klublar bir-birinə yaxındır. Hər şey qarşıdadır.
- Komandanızın baş məşqçisi Azər Bağırovun adı milli komanda ilə hallanır. Ola bilər ki, Bağırov millinin baş məşqçi postuna, sən isə hücum xəttinə?
- Əlbəttə ki, hər şey mümkündür. Bu həyatda mümkünsüz heç nə yoxdur. Hər birimizin öz işi var. Həm millidə oynamaq, həm də millini çalışdırmaq hər bir insan üçün fəxr və şərəfdir.
Mirbağırağa