"Sabah"ın forvardı Emmanuel Apeh Sportal.az saytına müsahibə verib. Masazır klubunun legioneri öz performansından və komandasının son turda "Neftçi" üzərində qələbəsindən bəsh edib.
- Premyer Liqanın 11-ci turunda “Neftçi”yə qalib gəlməyi bacardınız. Görüş haqda fikrin necədir?
- “Neftçi”yə qarşı oyunlar hər zaman çətin keçir. Bu dəfə də belə olacağını bilirdik. Oyunun səfərdə olması bu çətinliyi bir az da artırırdı. Matça çox yaxşı fokuslanmışdıq. Çətin olsa da, qalib gəldik. Bizim üçün vacib qələbə idi. Qalib gəldiyimiz üçün şadam.
- “Neftçi” üzərindəki qələbə ilə “Sabah”ın “qara zolaq”dan çıxdığını demək mümkündür?
- Futbolda həm qələbələr, həm də məğlubiyyətlər olur. Bunlar futbolun bir parçasıdır. “Neftçi” ilə matçdakı qələbənin çıxışımıza necə təsir edəcəyinə gəldikdə isə fikrimcə, bu qələbə qarşıdakı matçlar üçün bizə yaxşı motivasiya verəcək. Yolumuza uğurla davam etmək istəyirik.
- Bu mövsüm öz performansınızı necə dəyərləndirirsən?
- Öz çıxışımdan razı qaldığımı deyə bilmərəm. Məncə, daha çox qol vurmalıydım. Düzdü, komandanın qələbəsi hər şeydən önəmlidir. Əsas qol vurmaq yox, üç xalı qazanmaqdır. Əlimdən gələni edirəm ki, komandamın qələbələrində pay sahibi olum. İnanıram ki, qarşıdakı oyunlarda bunu daha yaxşı edə biləcəm.
- "Sabah" hazırda turnir cədvəlinin 8-ci pilləsindədir. Vəziyyəti dəyişmək mümkündür?
- Biz hər zaman növbəti oyunumuza köklənirik. Nəticələr gəldikcə, turnir cədvəlində də vəziyyətimiz yaxşılaşacaq. Son oyunda komanda yaxşı təsir bağışladı. İnanıram ki, növbəti matçlarımızda da uğurlu oyunlarımızı davam etdirərək layiq olduğumuz yerdə qərarlaşacağıq.
- Növbəti turda "Zirə" ilə oynayacaqsız. Görüşlə bağlı nə deyəcəksən?
- Bizim üçün hər matç əhəmiyyətlidir. “Zirə” ilə oyunumuz çətin keçəcək. Onlarla görüşlər həmişə çətin keçir. Bu dəfə də, belə olacağını düşünürəm. Əlimizdən gələni edəcəyik ki, bu matçdan da qalib ayrılaq.
Mirbağırağa
saytlarin hazirlanmasi