"Turan Tovuz"un hücumçusu Otto Con Sportal.az saytına müsahibə verib. Bölgə klubunun legioner forvardı komandasının ölkə çempionatındakı performansını dəyərləndirib.
- “Turan Tovuz” son görüşdə “Kəpəz”ə qalib gəlməyi bacardı. Matç sizin üçün necə alındı?
- Matç bizim üçün çox yaxşı alındı. Bu matçda qələbə qazanmaq bizim üçün çox vacib idi. Şadam ki, qalib gəldik və xal ehtiyatımızı da artırdıq.
- Bu iki komandanın oyunu “qərb derbisi” adlandırılır. Derbi ab-havasını hiss etdiniz?
- Əlbəttə, derbi idi. Azarkeşlərimiz əla ab-hava yaratmışdı. Onlar son dəqiqəyə kimi arxamızda dayandılar. Azarkeşlərimizi sevindirdiyimiz üçün şadam.
- “Kəpəz”lə oyunda sən də qol vurmağı bacardın. “Turan Tovuzda”kı performansını bəyənirsən?
- Doğma azarkeşlər önündə qol vurmaq həmişə xoşdur. Bu, məni daha da yaxşı olmağa, qollarımın davamını gətirməyə motivasiya edir. Çalışacam ki, qollarıma davam edim, azarkeşlərimizi sevindirim, komandama köməkliyimi göstərim.
- Ümumiyyətlə, bu mövsüm Premyer Liqada minimum neçə qol vurmaq istəyirsən?
- Mümkün qədər çox qol vurmaq istəyirəm. Amma eyni zamanda, komandaya kömək edə bilmək də vacibdir. Azərbaycan Premyer Liqası zəif deyil. Bu, çox güclü və rəqabətli liqadır. Çünki hər xal üçün mübarizə aparmalısan. Asan oyun, asan rəqib anlayışı yoxdur.
- Növbəti turda “Səbail”lə qarşılaşacaqsınız. Rəqib barədə fikrin necədir? Əgər qalib gəlsəniz, onlarla eyni xala sahib olacaqsınız...
- “Səbail”ə qarşı səfərdəki matç çətin keçəcək. Çünki onlar yaxşı futbol oynayırlar. Amma biz Bakıya maksimum gücümüzü qoymağa, nəticə qazanmağa gedəcəyik.
- “Turan Tovuzun hazırda 15 xalla 6-cı pillədə qərarlaşıb. Bu vəziyyət sizi qane edir?
- Premyer Liqa hələ oyunlar çoxdur, məsafəmiz uzundur. Ona görə də maksimum xal toplamaq üçün addım-addım məqsədimizə doğru irəliləyəcəyik.
- Avrokuboklara vəsiqə qazana biləcəyinizi inanırsan?
- Bu haqda indidən nəsə demək tezdir. Lakin bizim hədəflərimiz var. Buna nail olmaq üçün hər şeyi etməyə davam edəcəyik. Digər tərəfdən, komanda olaraq meydana çıxdığımız bütün matçlarda ən yaxşısı üçün çalışırıq.
Mirbağırağa
saytlarin hazirlanmasi