"Bizi "Səbail"ə qarşı çətin oyun gözləyir. Bu mövsüm ən yaxşı formada olan komandaya qarşı oynayırıq. "Səbail" yeni heyət yığıb, çempionata da yaxşı başlayıb. "Qarabağ" kimi komandanı məğlub edən "Səbail"ə qarşı səfərdə oynayırıq. Xal fərqimiz də çox deyil. Biz də son oyunlarda qələbə qazandıq, "Qarabağ"la bərabərə qaldıq. Bunun davam etdirmək istəyirik. Çempionatda stabilliyi artırmaq lazımdır. Bunu etsək, yaxşı olacaq, daha da böyüyəcəyik. Hazırlaşırıq, maraqlı oyun olacaq. İnanıram ki, istədiyimiz xalı qazana biləcəyik".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib. O, komandasının Premyer Liqanın 12-ci turu çərçivəsində bu gün "Səbail"ə qarşı keçirəcəyi görüşdən gözləntilərini bildirib. Bununla yanaşı, Abbasov ölkə kubokunun püşkatmasına şərh verib.
Belə ki, "Turan Tovuz" "Göygöl" - "Dinamo" cütünün qalibi ilə üz-üzə gələcək. Bölgə klubunun çalışdırıcısı hər iki komanda haqda məlumat toplayacaqlarını deyib:
"Bu mövsüm kubok tamam fərqli olacaq. II liqa, I liqa komandaları da mübarizə aparacaq. Həmin liqaların təmsilçiləri ilə Premyer Liqa klubları qarşılaşacaq. 1/8 final matçı da bir oyundan ibarət olacaq. Əladı. Bu da futbolun inkişafının yollarından biridir. Bölgə, II Liqa komandaları üçün Premyer Liqa komandalarını görmək motivasiya olacaq. Ancaq oyunlar çətin olacaq. Yox, desəm ki, "Göygöl" və "Dinamo" haqda məlumatım var, düz olmaz. Böyük məlumatım yoxdur. Doğrudur, II liqa ilə maraqlanıram. "Dinamo"nun bəzi oyunlarını görmüşdüm. Oyuna az qalmış, hər iki komanda haqda maraqlanacağıq, məlumat toplayacağıq".
Mirbağırağa