"Qarabağ" üzərindəki qələbə geridə qaldı, yeni uğurlar qazanmaq lazımdır" - MÜSAHİBƏ

12:17 - 6 Noyabr 2023

"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt"la görüşdə komandanız məğlub oldu. Səncə, məğlubiyyətinizə əsas səbəb nə idi?

- Matç gözlənildiyi qədər çətin oldu. Oyunun gedişində kontrolu əlimizə almışdıq. Üstünlük biz tərəfdəydi. Lakin demək ki, bu xal və ya xallar qazanmağa yetərli deyildi. Təəssüf ki, sonda meydanı məğlub tərk etdik.

- Halbuki, bundan öncəki turda "Qarabağ"a qalib gələ bilmişdiniz.  Ola bilər ki, həmin qələbə sizi "Sumqayıt"la oyunöncəsi arxayınlaşdırmışdı?
- Güclü rəqibə qalib gəlmək, növbəti oyunlarda da uğurlu nəticə qazanacağına zəmanət vermir. Bəlkə də, biz nəyisə düzgün etmədik. Bu barədə nəsə deyə bilmərəm. Analizlər etməliyik ki, nəyin düz getmədiyini anlayaq.

- "Sumqayıt"la görüşü yaxşı səviyyədə keçirdiyinizi demək mümkündür, qurtarışlarınız az olmadı, amma sonda rəqib iki qol vura bildi. Buraxılan qolları necə şərh edəcəksən?

- Biz hər zaman meydana uğurlu nəticə qazanmaq üçün çıxırıq. Qolları standart vəziyyətdən buraxdıq. Əslində, həmin anda topa azca çatmadım. Demək ki, düzəlişlər etmək, daha çox çalışmaq lazımdır.

- Məğlubiyyətə baxmayaraq komandanız hazırda turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Mövsümün sonuna kimi burada qalmaq mümkündür?

- Bir yerdə dayanmaq hər zaman çətindir. Biz oyundan-oyuna irəliləyən gənc komandayıq. Bəli, biz hər zaman qalib gəlmək istəyirik. Hətta işlər yaxşı getməyəndə də, istəyimiz dəyişmir. Mövsümün sonuna hələ çox var. Çalışacağıq ki, uğurlu nəticə qeydə alınsın. Sonda isə necə olacağına baxacağıq.

- Növbəti turda turnir cədvəlində irəliləyə bilərsiz. Belə ki, sizdən yuxarı qərarlaşmış “Səbail” “Qarabağ” önünə çıxacaq, özünüz isə sonuncu pillədə qərarlaşan “Kəpəz”lə qarşılaşacaqsız....

- Mən burada sizinlə razı deyiləm. Meydana çıxanda hesab 0:0-dan başlayır. İstənilən komandanın şansı var. Növbəti turda rəqibimizi qiymətləndirməmək fikrimiz yoxdur. Biz komandalara çox ciddi yanaşırıq. Təbii ki, qələbə qazanmaq niyyətindəyik. Lakin rəqiblərimizə ciddi yanaşırıq.

- Mövsümün gedişində komandaya cəlb edildin və dərhal da əsas qapıçı statusuna yiyələndin. Ümumiyyətlə, Azərbaycan çempionatı haqda fikrin necədir? Uzun illərdir hegemonluq edən “Qarabağ”ı məğlub etməyi bacardınız....

 - Güclü çempionatdır, praktiki olaraq bütün komandalar eyni səviyyədədir. Bu isə Azərbaycan futbolu üçün üstünlükdür. “Qarabağ” üzərində qələbəyə gəldikdə, çox ağır idi. Lakin biz çox intizamlı oynadıq və məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirdik. Buna görə də qalib gəldik. Lakin “Qarabağ” üzərindəki qələbə artıq geridə qaldı, irəliyə baxmaq, yeni uğurlar qazanmaq lazımdır.

Mirbağırağa
 

Xəbər xətti