"Sabah" ən yaxşı dönəmini Murad Musayevlə yaşayıb. Möhtəşəm komanda idi. Rəqibi pressinq dalğasında boğan, ildırım sürətli hücumlar quran "Sabah" Premyer Liqada fırtına kimi əsirdi. Lakin ardı gəlmədi. Kaşuk və Mikelslə birlikdə əzəmət də tərk elədi Musayevin "Sabah"ını...
"Hər işdə bir xeyir var" deyiblər. Ötən mövsüm "Sabah"ı "Krasnodar"a dəyişən Musayevin komandası hal-hazırda Rusiya çempionatında liderdir. O, muradına doğru getsə də, "Sabah"ın Renduliçlə nəyə doğru getdiyini müəyyənləşdirmək çətindir.
Demək olmaz ki, vəziyyət bərbaddır. Baş verənlər daha çox naməlumluğa bənzəyir. Bir tərəfdən baxanda, "Sabah" elə də pis oynamır. Məsələn, "Zirə" (1:1) və "Neftçi" (0:0) ilə görüşlərdə rəqiblərindən daha yaxşı oynayıb, "Sumqayıt"a məğlub olduğu matçda da oyunboyu daha üstün tərəf olub. Amma fakt odur ki, Renduliç 5 oyundur ki, qələbə qazana bilmir - 2 məğlubiyyət, 3 heç-heçə!
Müxtəlif oyun epizodlarında Krunoslav Renduliçin iş üslubunun ştrixləri nəzərə çarpır. Məsələn, "Sabah" standart vəziyyətlərdən sonra ev tapşırıqları hesabına qollar vurur, bəzi oyun elementlərində məşqçi işi qabarıq sezilir. Lakin son vaxtlar "Sabah"ın Mikels və Sekidikadan asılılıq "xəstəliyi" yaranıb. Bu futbolçuların oyunu alınmayanda, sanki Renduliç nəticə qazanmaq üçün başqa çarə tapmaqda çətinlik çəkir.
"Sumqayıt"la oyunda da təxminən buna bənzər mənzərə yaşandı. Əsas oyunçular fərdi keyfiyyətləri hesabına heç nə yarada bilmədilər. "Sabah" üstün oynamağına baxmayaraq, matç ərzində rəqib qapısı önündə yüzfaizli qol epizodu ərsəyə gətirməyi bacarmadı. Bir-iki dəfə "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov inamsız oynadı, onu da müdafiəçilər sığortaladılar.
Növbəti tur "Sabah"ı "Kəpəz"lə oyun gözləyir. Mikels cəza səbəbindən həmin oyunu buraxmalı olacaq. Lakin gedişatı dəyişmək üçün ən münasib rəqiblərdən biri elə "Kəpəz"dir. Əcnəbi mütəxəssis bu dəfə də qələbəni əldən versə, yersiz itirilən xallar yekunda "Sabah"ın avrokuboklara vəsiqə verən yerləri itirməsinə gətirib çıxara bilər.
Həmid
saytlarin hazirlanmasi