İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

22:13 - 3 Fevral 2025

3 fevral 2025-ci il tarixində AFFA-nın inzibati binasında AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə AFFA-nın yeni baş katibinin təyinatı olub. İcraiyyə Komitəsi Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul edib.

İclasda AFFA-nın 2025-ci il üçün büdcəsi təsdiqlənib.

Həmçinin AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.

İcraiyyə Komitəsi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddətinin “UEFA İnkişaf Turniri – 2025”də iştirakla əlaqədar mayın 1-dək uzadılması barədə qərar qəbul edib. Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.

Xəbər xətti