Yevlaxda xaos - Həşimov getmək üçün təzminat istəyir

14:32 - 26 Noyabr 2025

“Karvan-Yevlax”da xaos davam edir. İdarəçiliyi bərbad olan bölgə təmsilçisi istefaya göndərdiyi məşqçinin göndərilməsi haqda xəbəri açıqlaya bilmir.

Sportal.az Futbolinfo.az-a istinadən xəbər verir ki, Azər Həşimov və köməkçiləri “Kəpəz”ə ev məğlubiyyətindən sonra işdən azad edilib. Lakin bugünədək rəsmi qərar yoxdur. Rəsmi cavab üçün müraciət etdiyimiz mətbuat xidmətindən də bu barədə cavab ala bilmirik.

Yeni baş məşqçi Füzuli Məmmədovun təyinatının açıqlanması da gedənlərin elan edilməməsinə görə yubanır. Halbuki Məmmədov artıq komandanı 3 məşqə çıxarıb, köməkçiləri Mehman Yunusov, Rafael Əmirbəyov və Rauf Mehdiyevlə işə başlayıb. Komandanı Premyer Liqanın növbəti turuna da onlar hazırlayır.

Həşimov mətbuata son açıqlamasında istefa vermədiyini təsadüfən bildirməyib. O, müqaviləsinin qalan hissəsi üçün təzminat tələb edir. Özü istefa versə, bundan məhrum olacaq. Ona görə klubun onu yola saldığını açıqlamasını gözləyir ki, mövsümün sonunadək nəzərdə tutulan anlaşmaya uyğun olaraq maaşını alsın.

Azər bəyi özündən çıxaran Kənan Kərimovun onu aldatmasıdır. Yevlaxlıların vitse-prezidenti Həşimovu öz yerinə baş məşqçi postuna əyləşdirərkən komanda ilə bağlı qərarları özünün verəcəyini, onun isə mövsümün sonunadək formal olaraq postda əyləşəcəyini bildiribmiş. Hər şeyə razılaşan Azər bəy hətta heyətə, taktiki məsələlərə də qarışmırmış. Bütün bunlara razılaşdığı halda indi heç nə olmayıbmış kimi istefaya göndərilmək onu razı salmır.

Yevlaxlıların problemi yoluna necə qoyacağı bilinmir. Klubun rəhbərliyi Həşomova pul vermək istəmir, idarəçiliyi boynuna götürən Kərimov isə incik dostunu razı salmağı bacarmır. “Qarabağ”la növbəti tur oyununa isə cəmi 3 gün qalıb.

Xəbər xətti