Ölkə kubokunun final matçının ünvanı məlum oldu

14:32 - 24 Mart 2014

Oyun Respublika stadionunda baş tutacaq
 
Futbol üzrə Azərbaycan kubokunun final matçı yenə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 
Sportal.az xəbər verir ki, bu barədə Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov bildirib.
 
Lakin İsmayılov mayın 22-də təşkil olunacaq qarşılaşmanın başlama saatının hələ müəyyənləşmədiyini əlavə edib. Direktor deyib: “Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hələ bir ay öncə ölkə kubokunun final matçını bizim stadionda keçirmək istədiklərini bildirmişdi. Həmin vaxt mən ona demişdim ki, bu oyun mayın 28-də olsa, arenamızda təşkili mümkün olmayacaq. Çünki mayın 29-dan iyunun 2-dək stadionumuzda atletika üzrə gənclər arasında Avropa çempionatı keçirilməlidir. Qitə birinciliyindən bir gün öncə Azərbaycan Kubokunun final matçının da təşkili bizə problemlər yarada bilərdi. Amma milli komandamızın ABŞ-la mayın 27-də yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşdikdən sonra final görüşü 6 gün əvvələ çəkildi. Bu isə bizim iş planımıza uyğundur. Mayın 22-də stadionumuzda oyun keçirməkdə problem yoxdur”.
 
Qeyd edək ki, hələlik Azərbaycan kubokunun finalçıları müəyyənləşməyib. Aprelin 16-da və 24-də keçiriləcək ilk və təkrar yarımfinal oyunlarında “Neftçi” “Rəvan”la, “Qəbələ” “Xəzər Lənkəran”la üz-üzə gələcək.

Xəbər xətti