"Hakimlərimiz bunu mənə başa salsalar, futbolu ataram"

12:54 - 31 Mart 2014

Elnur Allahverdiyev: "Biz canımızı qoyuruq onlar nəsə özlərini rahat aparırlar"
 
“Qarabağ”la oyunda qırmızı vərəqə alan “Qəbələ”nin müdafiəşisi Elnur Allahverdiyev qarşılaşmadan sonra hakimlər otağına yaxınlaşaraq referi Rəhim Həsənova iradını bildirib. Əsəblərini cilovlaya bilməyən milli komandamızım aparıcı üzvü hakimlər briqadasının ünvanına dırnaqrası xoş sözlər yağdırıb.
 
Sportal.az xəbər verir ki, ondan sonra mətbuat önünə çıxan Allahverdiyev hakimlərin idarəçiliyinə münasibət bildirib:
 
- Məgər həmin epizodda qırmızı vərəqə var idi? Əgər olsa başımı aşağı salıb, danışmaram. Orada ikili mübarizə aparırdıq, mənə  ikinci sarı vərəqə göstərdi. Elə bir kobudluq da etmədim axı. 
 
- Rəhim Həsənovdan sənə niyə qırmızı vərəqə verdiyini soruşdun?
- Soruşdum, ancaq  cavab verə bilmədi. Özü də üzümə baxıb deyir ki, mən nə bilim. Belə hakim olar? Nəyə görə qırmızı vərəqə verdiyini bilmir. İndi mən əsəbləşməyim neyləyim.
 
- Hakimin oyuna təsir edəcəyi səhv yalnız qırmızı vərəqə idi?
- Xeyr. “Qarabağ”ın vurduğu ikinci topa baxın. Rəqib cərimə zərbəsindən topu qarşısına atır başlayır. Top hərəkətdə olarkən cərimə zərbəsinin yerinə yetirilməsi nə dərəcədə düzgündür? Hakimlərimiz bunu mənə başa salsalar, futbolu ataram. Heç vaxt da başa sala bilməyəcəklər. Çünki buna savıdları çatmır. Əgər qaydaları bilsəydilər belə səhvlərə yol verməzdilər.
 
- Qış fasiləsindən sonra “Qəbələ” cəmi iki qələbə qazanıb. Buna səbəb nədir?
- Komandanın bu vəziyyətə düşməsində nəsə problem var. Bunun səbəbini mən də bilmirəm. Ancaq nəticə əldə edə bilməməyimiz bunu göstərir. Mən komandanın uğur qazanması üçün canımı qoyuram. 
 
- Aşkar hiss olunur ki, yerli və əcnəbi futbolçular arasında münasibət yaxşı deyil. Hətta meydanda onların dəfələrlə mübahisə etdiyinizi görmüşük. 
- Qardaş, gəlmələr oynamırlar da. Bəlkə oynayırlar? Biz canımızı qoyuruq onlar nəsə özlərini rahat aparırlar. Ola bilsin iki nəfərə çıxmq şərtiylə. Ancaq nəzərə alın ki, futbol komanda oyunudur.    
 
- Yuri Syomin bu barədə futbolçulara xəbərdarlıq edib. Yoxsa baş məşqçi də gəlmələrin tərəfini saxlayır?
- Syomin heç kimin tərəfini tutmur. O da istəyər ki, komandası uğur qazansın. Yəqin ki, bu barədə bizimlə söhbət edəcək. 
 
- Səncə, “Qəbələ”yə yerli məşqçi başçılıq etsə daha yaxşı olar?
- Bunu mən deyil, rəhbərlik deyə bilər. Mənin işım meydanda baş məşqçini verdiyi tapşırıqları yerinə yetirməkdi. Hazırda komandamız çətin bir duruma düşüb. İndi biz kollektiv bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni etməliyik. 
 
- Marat İzmayılovun transferindən sonra komandada problemlər yarandı... 
- Onun gəlişiylə heç nə dəyişməyib. O da komandanın bir üzvüdür.
 
- Hətta komandanın daxilində qruplaşmanın olduğu deyilir. 
- Bəlkə də var, onu deyə bilmərəm. Mənim işim futbol oynamaqdır, qalan məsələlərə isə qarışmıram. Başımı salıb məşqlərimi edirəm. Hakimlər də mənə qarşı belə səhvlərə yol verməslər lap yaxşı olaram. Bu cür haqsızlığı görəndə dözə bilmirəm.    

Xəbər xətti