Orxan Sadıqlı: "Kuboku qazanıb uğursuzluqları onlara qismən unutdura bilərik"
"Xəzər Lənkəran" qapıçısı Orxan Sadıqlı Sportal.az-ın suallarını cavablandırıb. O, müsahibəsində "Bakı" ilə oyundan, kuboku qazanmaq şanslarından danışıb
- Son turda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edərək, 2014-cü ildə ilk ev qələbəsini qazandınız..
- Oyuna yaxşı başladıq. Çox adam fikirləşirdi ki, “Xəzər Lənkəran” üçün qələbənin heç bir mənası yoxdur, amma bu qələbə bizim üçün, “Xəzər Lənkəran” üçün çox vacib idi. Bu qələbə bizim üçün kubokdan öncə psixoloji cəhətdən çox önəmli idi. Bu gün “Bakı” ilə oyunda da qələbə qazanıb uğurlu bir seriya ilə getmək istəyirik.
- Artıq iki ilə yaxın bir müddətdir ki, əsas heyətdə çıxış edirsən...
- İlk olaraq, Ağasəlim Mircavadova təşəkkür edirəm ki, məni 2010-cu ildə əsas komandaya gətirdi. Yunis Hüseynov isə mənə güvəndi, şans verdi, oynatdı. Üzərimdə ən böyük əziyyəti olanlar Emin Babayev, Vidadi Hüseynov və Hafiz Əliyevdir. Onların zəhməti nəticəsində əsas heyətdə oynayıram. Düşünürəm ki, Dənizlinin etimadını qazanmışam, çünki o, 3 oyundan başqa bütün oyunlarda mənə şans verib.
- III dövrədə baş məşqçi Mustafa Dənizli sənə yox, Vyekeslav Tomiçə şans verirdi. Artıq bir neçə oyundur ki, əsas heyətdəki yerini qaytarmısan və daha inamlı təsir bağışlayırsan...
- Elə də ciddi dəyişiklik yoxdur. Tomiç də “Xəzər Lənkəran”ın futbolçusudur, həm də xaricdən gəlib, ona da nə vaxtsa şans verilməli idi. O da ehtiyyatda oturmağa gəlməyibki ? Çıxdı 2-3 oyun oynadı. Zəif və ya güclü oynamağını siz daha yaxşı bilərsiniz. Mən də həmişə komandama kömək etməyə hazıram.
- Bu gün “Bakı” ilə qarşılaşacaqsınız və heyətinizdə Elnur Abdullayev və Adrian Pit kimi itkilər var. Bu komandaya necə təsir edəcək?
- Elnurun yoxluğu hardasa komandaya təsir edə bilər, çünki yerli futbolçularımız azlıq təşkil edir. Ancaq inanıram ki, onun əvəzinə kim meydanda olsa, əlindən gələnin ən yaxşısını etməyə çalışacaq. Bu oyunda qələbə bizə çox lazımdır ki, kubok oyununa yaxşı əhval ruhiyyə ilə yollanaq.
- Kubok demişkən, həftə içi “Qəbələ” ilə vacib kubok oyununuz var. Sizin Avroliqaya vəsiqə qazanmaq üçün yeganə şans kubokdur, eləcə də rəqib üçün də vəziyyət eynidir.
- Düzdür, bizim çempionatda avrokuboklar üçün heç bir şansımız olmasa da, onların az da olsa, şansları var. İlk oyunumuz səfərdədir, çalışacağıq ki, maksimum qol vuraq və qol buraxmayaq. Çünki səfərdə vurulan bir qol ikiyə bərabərdir.
- Qış fasiləsindən sonra çempionata yaxşı başlasaz da, lazımsız yerə xallar itirdiniz və buraxdığınız qolların çoxunda da müdafiədə boşluqlar səbəb oldu. Razılaşarsanmı müdafiə xəttinə yeni nəfəs lazımdr ?
- Bizdə komanda oyununda problemlər olur. Bizə yaraşmayan səhvlər edirik. Komandada zədəlilər çox oldu, əsas da müdafiəçilərimiz zədələndi. Bu da komandaya pis təsir etdi. Müdafiəyə yeni futbolçunun alınması rəhbərlik və baş məşqçinin işidir.
- Müdafiədə boşluqlar olanda istər-istəməz qapıçının da işi çətinləşir..
- Qapıçı matçın 1-ci dəqiqəsindən 90-cı dəqiqəsinə qədər çətinliklərlə üzləşə bilər. Amma hamı istəyər ki, yaxşı komandada oynasın. Mən “Xəzər Lənkəran”dan yaxşı komanda görməmişəm. Gələn il çempionatda tam başqa “Xəzər Lənkəran” görəcəksiniz. Dənizli də bura boş yerə gəlməyib, o, indidən növbəti mövsüm üçün heyəti qurur. "Xəzər Lənkəran"ı layiq olduğu yerə gətirəcəyik.
- “Xəzər Lənkəran”ı “Xəzər Lənkəran” edən azarkeşlərdir”, amma son oyunlarda da azarkeşlər sizdən inciyib..
- “Xəzər Lənkəran”ın son iki ilində belə az azarkeş görməmişdim. Azarkeşlər bizdən küsüblər, futbol oynayan bizik, burda nə rəhbərliyin, nə də məşqçilərin günahı var. Kuboku qazanıb uğursuzluqları onlara qismən unutdura bilərik. Bunu da bacarmağımıza gücümüz var. Onlara da səslənirəm ki, bizi heç yerdə tək qoymasınlar.
- Kubokun finalına yüksəlsəniz, böyük ehtimalla rəqibiniz “Neftçi” olacaq..
- Mən də istəyirəm ki, “Qəbələ”ni keçib finalda “Neftçi” ilə qarşılaşaq. “Neftçi”ilə oyun bizim üçün tam başqadır. “Neftçi” ilə finalda oynamaq istəyərik, çünki bu oyunların atmosferi başqa olur.
- 21 yaşlılardan ibarət mill komandada forma geyinirsən, ancaq Moldovada baş tutan son toplanışa çağrılmamışdın. Bunu səbəbi nə idi ?
- Çağrılmışdım, amma zədəli idim. Ona görə iştirak edə bilmədim.
- Millimizin əsas komandasında oynamağa özünü hazır hiss edirsən ?
- Nə vaxt çağırsalar, əlimdən gələni etməyə hazıram. Mən də istəyərəm ki, milli komandada oynayım. İkinci ildir ki, əsas heyətdə oynayıram. Əvvəlcə özümü hazır hiss etmirdim, amma indi tam hazıram.
- Bəzən səni çılğın hərəkətlərinə görə səni Kamran Ağayevə oxşadırlar...
- Kamran Ağayevlə neçə il bir yerdə oynamışıq, əvəzedici heyətdə oynayanda, həmişə gələib mənə öz məsləhətlərini verirdi, onunla yaxşı münasibətim olub. Ümumiyyətlə, Azərbaycanda 3 nəfər qapıçı var ki, həmişə onlardan nəsə götürüm. Lənkəranda da mənə deirlər ki, özünü Kamrana oxşadırsan, ancaq ondan həmişə yaxşı cəhətlərini götürməyə çalışmışam. Hər qapıçıdan çalışıram ki, yaxşı bir şey öyrənim.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi