Slavik Alxasov: "Sadəcə baxdım ki, kim mənə söyür"
Premyer Liqanın 30-cu turunda "Xəzər Lənkəran" səfərdə "Bakı" ilə heç-heçə edib 2:2. Həmin oyunda ilk penaltiyə səbəb olan və öz azarkeşləri tərəfindən tənqidlərə məruz qalan Slavik Alxasov Sportal.az-a müsahibə verib.
- “Bakı” ilə oyunda ilk penalti epizodu mübahisəli qərar idi və həmin penaltiyə sən səbəb olmuşdun. Necə fikirləşirsən, həqiqətən qayda pozuntusu var idi ?
- Bu qərarı hakim verib. Hakim penaltini verə də bilərdi, verməyə də. Həmin epizodların 90 faizində penalti vermir. Baş hakim gözləyirdi ki, küncdən zərbə versin, amma Rəhim Həsənov dedi ki, “penal ver”.
- Rəhim Həsənov mövsümün ilk yarısındada “Xəzər Lənkəran”a qarşı bir neçə penalti təyin etmişdi..
- Bəli, komanda yoldaşlarım deyir ki, o, bir neçə dəfə qapımıza penalti təyin edir. Mən komandaya gəlməmişdən qabaq Həsənov “Qarabağ”la matçda “Xəzər Lənkəran”ın qapısına haqsız penalti vermişdi, eləcə də Superkubokda “Xəzər Lənkəran” leyhinə verilmiş penaltini ləğv etmişdi. Rəhim Həsənov çox epizodda bizə “protiv” gedib. “Bakı” ilə oyunda başqa hakim olsaydı, küncdən zərbə verərdi.
- “Xəzər Lənkəran”a gəldikdən sonra 3 dəfə penaltiyə səbəb olmusan, demək olar ki, 3-ü də meydanın eyni yerində.
- Həmin yerdə oynamaq mənim üçün çətin deyil, amma bu penaltilər yəqin qismətimdə yazılıb. Mən də istəmərəm ki, belə olsun.
- Oyunun ikinci hissəsində əvəzləndin və bu zaman tribunada “Xəzər Lənkəran”lı azarkeşlərin qəzəbinə tuş gəldin. Bir müddət onlara baxıb sanki nəsə demək istəyirdin..
- Yox, heç nə demək istəmirdim. Sadəcə baxdım ki, kim mənə söyür, cavab vermək istəmədim. Bu, düzgün deyil, o, söyüş söyürsə, fikirləşib söyməlidir.
- Bu söyüşlər, səbəb olduğun penaltilər sənə psixoloji təsir etmir ki?
- Futbolda belə şeylər olur. Penaltilər də mənim qismətimdir, bundan qaça bilmərəm ki?
- İki gün sonra kubokun yarımfinalında “Qəbələ” ilə qarşılaşacaqsınız…
- Bu, oyunu bizim üçün ölüm-dirim mübarizəsi də adlandırmaq olar. Biz bura ancaq qələbə üçün gəlmişik və Qəbələdən də Lənkərana qələbə ilə qayıdacağıq. Əgər ilk oyunda qalib gəlsək, evdə işimiz asan olacaq.
- Son oyunlarda azarkeşləriniz stadiona az gəlirlər..
- Bunun səbəbi əsasən çempionatda göstərdiyimiz uğursuz nəticələrdir. İndi əsas ümidimiz kubokdur, inşallah, burda qələbə qazanıb Lənkərana yollanacağıq. İnanıram ki, həmin oyunda azarkeşlərimiz bizi tək qoymayacaqlar.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi