"Neftçi" etiraz edir: "Bu qərarlar obyektivliyi əks etdirmir"

17:02 - 18 Aprel 2014

"Ağ-qaralar"dan növbəti bəyanat
 
"Neftçi" klubu bu gün AFFA İK-nin verdiyi qərarlarla razılaşmır.
 
Sportal.az klubun rəsmi saytında dərc olunan bəayanatı təqdim edir:
 
“Neftçi” PFK Azərbaycan kuboku uğrunda yarışın 1/2 final mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Rəvan” oyunu ilə bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərarlara etiraz edir. İntizam Komitəsinin qərarına görə guya oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olub və bu ərazidə təhlükəsizlik təmin olunmayıb. Bu səbəbdən də “Neftçi” PFK 5000 manat məbləğində cərimələnib. Bu qərara qəti şəkildə etiraz edərək bildiririk ki, “Neftçi” - “Rəvan” oyununda təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdur.
Buna qədər də İntizam Komitəsinin klubumuzun əleyhinə çıxardığı bir sıra qərarlara görə Apellyasiya və Ekspert Komitəsinə müraciət ünvanlanmış və “Neftçi”nın haqlı olduğu sübuta yetirilmişdir. Topaz Premyer Liqası çərçivəsində keçirilmiş “Neftçi” PFK-nın oyunlarında və digər çempionat matçlarında komandaların nümayəndələri, məşqçiləri və xüsusən də əcnəbi futbolçuları tərəfindən dəfələrlə qeyri-etik davranışlar edilmiş və bu hallar mətbuatda və ictimaiyyətdə geniş şəkildə müzakirə edilərək sübuta yetirilsə də, İntizam Komitəsi tərəfindən diqqətə alınmamışdır. Bu bir daha onu göstərir ki, İntizam Komitəsinin qərarları obyektivliyi əks etdirmir. “Neftçi” PFK olaraq bu kimi hallara etiraz edirik və İntizam Komitəsinin bu kimi qeyri-obyektiv qərarları ilə qəti şəkildə razılaşmırıq".

Xəbər xətti